Dillər Universitetində Qış Olimpiya Oyunlarına həsr olunmuş seminar keçirilib (FOTO)

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu 2022-ci ildə Pekində keçiriləcək XXIV Qış Olimpiya Oyunlarına həsr olunmuş “Pekin-2022” onlayn seminarı keçirib.

Çin tərəfdən ADU-nun Konfutsi İnstitutunun direktoru Li Jihua XXIV Qış Olimpiya Oyunlarına hazırlıqdan danışıb və Pekinin həm Yay, həm də Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək ilk şəhər olacağını qeyd edib. Pekində keçiriləcək Olimpiya Oyunları ərəfəsində ölkənin əsas bayramı – Çin Yeni ili ilə üst-üstə düşməsi ilə əlamətdardır.

Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru Rafiq Abbasov Azərbaycanın Olimpiya Oyunlarında iştirakı tarixindən, Azərbaycan Milli Olimpiya Komitəsinin ölkəmizdə olimpiya hərəkatının inkişafı istiqamətində gördüyü işlərdən, Azərbaycan idmançılarının XXIV Qış Olimpiya Oyunlarında iştirakından danışıb.

R.Abbasov, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pekində XXIX Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Çinə səfərinin, Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, ÇXR Olimpiya Komitəsinin vitse-prezidenti Yuy Szaytsinin Azərbaycan səfərinin, Çin Olimpiya Komitəsi ilə Milli Azərbaycan Olimpiya Komitəsi arasında idman və texniki əməkdaşlıq haqqında Sazişin imzalanması Azərbaycan-Çin idman sahəsində əməkdaşlığının inkişafı üçün xüsusi əhəmiyyətini qeyd edib.


Seminarda çıxış edən Konfutsi İnstitutunun müəllimi Zhao Jingrui oyunların olimpiya obyektlərindən, Çinin əsas stadionunda – “Quş yuvası”nda keçirilən unikal açılış və bağlanış mərasimindən, oyunların rəsmi loqonun, talismanın, olimpiya medallarının görünüşü, bədii xüsusiyyətləri və simvolizmi, həmçinin qədim Çin “zhuan” möhürləri üslubunda hazırlanmış 30 idman növünün hər biri üçün Olimpiya piktoqramından danışıb.

Sonda Pekində keçiriləcək Qış Olimpiya Oyunları ilə bağlı videoçarxlar təqdim olunub.

Teqlər: