Dillər Universitetində kitab nəşrinin tarixinə həsr olunmuş seminar keçirilib

Azərbaycan Dillər Universitetinin nəzdindəki Konfutsi İnstitutunda Çində çap olunmuş ilk kitaba – “Almaz sutra” kitabına həsr olunmuş “Çində və Azərbaycanda kitab nəşrinin tarixi” mövzusunda onlayn seminar keçirilib. Seminarda çıxış edən ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çində kitab nəşrinin tarixindən danışarkən qeyd edib ki, kitab nəşrinin bütün əsas elementləri: kağız, yığılma (qalay, keramika və tunc) şrift, peçat texnikası – ksiloqrafiya (rəngli də daxil olmaqla) Çində kəşf olunub.

R.Abbasov diqqətə çatdırıb ki, qədim Çində kitab nəşrinin meydana çıxması Asiya və Avropada elmin və mədəniyyətin inkişafında güclü təkan olub. 1594-cü ildə Romada nəşr olunmuş dahi azərbaycanlı alim Nəsirəddin Tusinin riyaziyyat sahəsinə aid “Təhrir Öqlidis” (“Evklid başlanğıcı”nın təfsiri) kitabı azərbaycanlı müəllifin ilk nəşr olunan kitabı hesab edilir. Çinin Tsinxay vilayətində məsciddə çox qədim hesab edilən, türk tayfalarından olan salarların əcdadları tərəfindən Çinə gətirilmiş Quranın VIII-XIII əsrlərə aid edilən əlyazması qorunur. Seminarda çıxış edən çinşünas tələbələr Çində bədii əsərlərin, təqvimlərin, ensiklopediyaların, fal məzmunlu mətnlərin, riyaziyyat, astroloji, hərbi, tibbi mətnlərin yer aldığı daş üzərində, bambuk taxtalar üzərində, ipək və kağız üzərində yaranmış ilk kitablar haqqında, formaca laylar şəklində, bükülən arakəsmə formasında, ayrı-ayrı vərəqlərdən ibarət ilk kitabların yaranmasından, onların növlərindən və görünüşlərindən danışıblar.


Seminarda həmçinin Mahayana Buddizminin əsasını təşkil edən müqəddəs mətn – “Almaz sutra” kitabı barədə, Çində kitab nəşrinin “qızıl dövrü” hesab olunan Sun hakimiyyəti zamanında kitab nəşrinin xüsusiyyətləri haqqında bəhs olunub.

Teqlər: