Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda
“Çin plakat sənəti” adlı tələbə seminarı keçirilib.
Seminarı giriş sözü ilə açan ADU Konfutsi İnstitutunun direktoru
Rafiq Abbasov Çin plakatının yaranmasının tarixi mərhələləri, onun
üç əsas janrı: ictimai, kommersiya və dekorativ janrlarından
danışıb.
R.Abbasov Azərbaycan plakat sənətinin tarixindən, tanınmış
Azərbaycan rəssamlarının – Ə.Əzimzadənin, İ.Axundovun, Q.Xalıqovun,
E.Şahtaxtinskayanın, H.Nəzərovun, O.Sadıqzadənin, C.Qasımovun,
A.Əzizovun və K.Abdinin vətənpərvərlik mövzusunda, anım və matəm
günlərində, sosial problemlər və milli bayramlara həsr olunmuş
əsərlərindən danışıb.
R.Abbasov çıxışında həmçinin Azərbaycanda keçirilən “Heydər
Əliyev – Müstəqil Azərbaycan”, “Azərbaycan bu gün”, “Teatr
plakatı”, “AİDS-ə qarşı” “Gömrük rəssamların gözü ilə” Respublika
plakat müsabiqələrini xatırladıb.
Seminarda çıxış edən ADU-nun çinşünas tələbələri siyasi,
təbliğat, sosial, bayram və mədəni-əyləncə kimi janrlarda Çin
plakatlarının yaradılmasının xüsusiyyətlərindən danışıblar.
Bildirilib ki, Çin plakatlarının kompozisiya naxışları – boşluq,
təzad, ortalıq kimi ənənəvi bədii-fəlsəfi anlayışlarla
əlaqələndirilir. Eyni zamanda rənglərin dərin simvolizmi, xalq
sənətinin ornamentləri, ənənəvi mifologiyanın süjet və
obrazlarından istifadə olunması ilə seçilir.