Azərbaycan Dillər Universitetində (ADU) iki ölkə arasında
diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunmuş
“Azərbaycan və Çin: əməkdaşlığın tarixi və perspektivləri”
mövzusunda elmi seminar keçirilib.
Seminar Konfutsi İnstitutu və ADU-nun Beynəlxalq Əlaqələr
kafedrasının birgə təşkilatçılığı ilə baş tutub.
Seminarı giriş sözü ilə açan Beynəlxalq əlaqələr kafedrasının
müdiri, professor Aida Yusifzadə Azərbaycan-Çin münasibətlərinin
tarixindən, müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan və
Çinin rolundan, iki dövlət arasında qarşılıqlı əlaqələrin qlobal və
regional aspektlərindən danışıb.
Rafiq Abbasov iki ölkə arasında İpək Yolu üzrə əməkdaşlığın
strateji xarakterindən danışaraq, 2015-ci ildə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Çinə tarixi səfərini yada
salaraq qeyd edib ki, həmin səfər zamanı iki dövlətin liderləri
tərəfindən “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının
dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf
etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə”
imzalanıb. Məhz bu Bəyannamə iki ölkə arasında çoxtərəfli
əməkdaşlıq istiqamətində möhkəm zəmin yaradıb.
Beynəlxalq əlaqələr kafedrasının müəllimləri Aytən Ramazanova və
Səbinə Məmmədova “Azərbaycan və Çin arasında 30 illik diplomatik
münasibətlərin nəticələri” və “Azərbaycan-Çin iqtisadi əlaqələri”
mövzularında çıxış edərək Azərbaycan-Çin iqtisadi əlaqələrinin
dinamik inkişafından, Avrasiya iqtisadi-nəqliyyat dəhlizlərinin
yaradılması, həmçinin İpək Yolu ölkələri arasında humanitar
mübadilə, mədəniyyətlərarası dialoq və siyasi ünsiyyətin təmin
olunması istiqamətində nəzərdə tutulmuş Çinin “Bir kəmər, bir yol”
təşəbbüsünün həyata keçirilməsində Azərbaycan və Pakistanın fəal
iştirakını danışıblar.
Seminarda çıxış edən kafedranın professoru Qaley Allahverdiyev
Şərqşünaslıq Mərkəzinin çoxtərəfli Azərbaycan-Çin əlaqələrinin
tədqiqi, altıcildlik “Heydər Əliyev və Şərq” monoqrafiyasının nəşri
istiqamətində fəaliyyətindən danışıb.