”Dili bizim” artıq üç ilə yaxındır ki, Bakı Beynəlxalq Qısa Filmlər Festivalında böyük maraqla qarşılanan proqramdır. Məqsədimiz müxtəlif ölkələrdə yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmləri nümayiş etdirməkdir.
Bu sözləri AzerTimes-a Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev proqram haqqında danışarkən deyib.
O, belə bir proqramın yaranmasının bir çox səbəbləri olduğunu diqqətə çatdırıb:
“Əsas nəticə festivalımıza hər il Güney azərbaycanlı kinematoqrafçıların ana dilində çəkdikləri filmlərini göndərməsi oldu. Çox maraqlı və rəğbət oyandıran bir axın idi. Festivalın qaydalarına görə, bütün müsabiqə bölmələrində yarışmaq hüququ qazanan filmlər Seçim Komissiyasının qiymətləndirməsindən keçməlidir. Bu, çətin və gərgin bir mübarizədir. Düşündük ki, ana dilində filmlər çəkən rejissorların da öz platforması olsun. Bu səbəbdən “Dili bizim” bölməsi yarandı. Proqramın yaradılmasında güneyli rejissor Rza Siyaminin əməyini xüsusi qeyd etməliyəm”.
O, güneyli rejissorların çəkdikləri filmə tamaşaçıların xüsusi maraq göstərdiyini bildirib:
“Dili bizim”də nümayiş olunan filmlər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır. Çünki güneyli həmkarlarımızın Azərbaycan dilində bu qədər çox film çəkməsindən az adamın xəbəri var. Ötən il “Dili bizim” proqramının moderatoru rejissor Ərturan Nəcəfi Göl idi və o, məhz bununla bağlı tamaşaçıların suallarını hərtərəfli cavablandırdı. Həqiqətən, maraqlı diskusiya gerçəkləşdi”.
Fehruz Şamıyev bu ilin payızında keçirilməsi nəzərdə tutulan festivalla bağlı bəzi yeniliklərin nəzərdə tutulduğunu bildirib:
“Noyabrın 10-15-i tarixlərində Bakı Beynəlxalq Qısa Filmlər Festivalı 14-cü dəfə keçiriləcək. Bu il də festivalda “Dili bizim” proqramı olacaq. Onun daha da genişlənməsi üçün bəzi planlarımız var. Festivalın təsisçisi Gənc Kinematoqrafçılar Mərkəzi bununla bağlı işə başlayıb. Filmlərin qəbulu ilə bağlı artıq elanlarımız yayımlanıb. Hazırda film qəbulu mərhələsindəyik. Artıq müsabiqəyə maraqlı ekran işləri göndərməyə başlayıblar.
Düşünürəm ki, bu festival ötən illərdən yetərincə fərqli addımlarla yadda qalacaq. Layihənin reallaşması üçün Mədəniyyət Nazirliyinə müraciət etmişik. Ümid edirik ki, nazirlik yenicə fəaliyyətə başlayan Kino Agentliyi tərəfindən festivalın dəstəklənməsini reallaşdıracaq”.