2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında rahat atıcılıq üslubu ilə diqqət çəkən və gümüş medal qazanan Türkiyə təmsilçisi Yusif Dikeç dünya trendinə çevrilən hərəkətinin səbəbi ilə bağlı bəzi məqamları açıqlayıb.
Axar. az xəbər verir ki, bu barədə “İhlas” agentliyi məlumat yayıb.
O bildirib ki, liseydə oxuyarkən güləşi tərk etdikdən sonra hərbi məktəbin poliqonunun yanından keçərkən təsadüfən atıcılığa həvəsi yaranıb:
“İlk dəfə 2008-ci ildə Çinin paytaxtı Pekində keçirilən Oyunlarda iştirak etdim. Beləliklə, bu, mənim artıq beşinci Olimpiadamdır. Türkiyə tarixində ilk Olimpiya atıcılıq medalını bizə bəxş etdiyi üçün Allaha şükür etməyə bilmərik. Biz bu mükafatı ölkəmizin 100 illiyi münasibətilə qazandıq”, – deyə idmançı bildirib.
Dikeçin sözlərinə görə, özü haqqında müsbət şərhləri oxuyanda xoşuna gəlir:
“Birinci yeri tutan serb idmançı mənim dostumdur. Müsabiqədən iki gün sonra o, mənə belə bir mesaj göndərdi ki, Dikeç, qızılı kim qazanıb, sən, yoxsa mən? Çünki mənim ölkəmdə sən bir nömrəsən”. Təbii ki, bunu eşitmək məni sevindirdi”.
Dikeç əlini cibinə qoyaraq atəş açmasının konkret bir məna daşımadığını bildirib:
“Bədənimi daha sabit saxlamaq və daha rahat vəziyyətdə dayanmaq üçün əlimi cibimə qoyuram. Çünki bizim atəş açdığımız hədəf çox qeyri-sabitdir. Təbii ki, tənqid və mənfi rəylər bildirənlər də var. Bəziləri yazır ki, təkəbbürlü olduğum üçün bir əlimi cibimə qoymuşam. Əminəm ki, bu insanlar əsl atışmanın nə olduğunu bilmirlər. 15 il əvvəl də dünya çempionu olanda əlim cibimdə idi və eyni mövqedə dayanmışdım, heç nə dəyişməyib”
O, çəkiliş zamanı xüsusi texnikadan istifadə edilməməsi məsələsinə də aydınlıq gətirib:
“Mən xüsusi avadanlıqdan istifadə etmirəm. Mənim ölkəmdə və federasiyamızda avadanlıqla bağlı çatışmazlıq yoxdur. Bu, mənim üçün daha rahatdır”.