Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2021-ci il 29 aprel tarixində saat 21:30-da “Digitalart-lab” layihəsi çərçivəsində hazırda İstanbulda yaşayan 3D modelləşdirmə üzrə rəssam Əsgər İsmayılovun “3D modelləşdirmə və tekstur” mövzusunda ustad dərsi baş tutacaq.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, ustad dərsi 3D modelləşdirmə sahəsindəki yeniliklər, film və oyun sənayesindəki yaranan müasir tendensiyaları, istifadə edilən metodların tətbiqini göstərmək məqsədilə keçiriləcək.
Əsgər İsmayılov 16 Mart 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycan Dövlət Neft və Sənaye Unversitetinin “Elektroenergetika” ixtisası üzrə təhsil alıb və 2014-cü ildən rəqəmsal incəsənətin “3D modelləşdirmə” sahəsi ilə məşğuldur.
Əsgər İsmayılov “Sonuncu Dalan” oyunu, “Azanfilm” animasiya studiyasında “Balaca Şahzadə” filmi, Dream Gamesdə “Operation Caucasus” oyunu, “Bad Button” şirkətində “King and Kingdoms” oyununda 3D modelləşdirmə sahəsində çalışmışdır.
Ustad dərsinin “Zoom” tətbiqi vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilməsi planlaşdırılır.
Dərsi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq video materialdan izləmək mümkün olacaq.