Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov
İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri,
İsrailin turizm naziri Yoel Razvozov ilə görüşüb.
Komitədən AzerTimes-a verilən
məlumata görə, qonaqları salamlayan Komitə sədri ölkəmizin uğurlu
diaspor siyasəti, Komitənin həyata keçirdiyi layihələr,
İsrail-Azərbaycan diasporları arasındakı əməkdaşlıq imkanları
barədə məlumat verib.
Görüşdə İsrail dövləti və Azərbaycan arasında qarşılıqlı etimada
əsaslanan möhkəm əməkdaşlıq və ikitərəfli strateji tərəfdaşlıq
münasibətləri barədə danışılıb, bu tərəfdaşlığın Azərbaycanda
yaşayan yəhudilərlə azərbaycanlılar arasında çoxəsrlik dostluq
münasibətlərinə söykəndiyi, eyni zamanda ABŞ və Avropadakı
Azərbaycan və yəhudi icmaları arasında sıx əməkdaşlıq əlaqələrinin
olduğu vurğulanıb.
İsraildəki Azərbaycan diasporunun keçirdiyi tədbirlərdə fəal
iştirak etdiyi üçün nazirə təşəkkür edən Komitə sədri Azərbaycan
Prezidenti İlham Əliyevin “Biz dinlər, mədəniyyətlər, ölkələr
arasında körpülərin qurulması istiqamətində fəaliyyətimizi davam
etdiririk” fikrini xatırladaraq diqqətə çatdırıb ki, müxtəlif
xalqların və dinlərin nümayəndələrinin Azərbaycanda sülh və
əmin-amanlıq şəraitində yaşaması Azərbaycanın dövlət siyasətinin
prioritet istiqamətlərindəndir.
Səmimi qəbula görə təşəkkür edən Yoel Razvozov Azərbaycanla
İsrail arasında diplomatik əlaqələrin 30-cu ildönümünün tamam
olduğunu və dövlətlərarası əməkdaşlığın bütün sahələrdə yüksək
səviyyədə uğurla davam etdiyini bildirib. Nazir həmçinin
Azərbaycandakı yüksək tolerantlıq səviyyəsindən, yəhudi icmasına
olan qayğıdan, dini və mədəni fəaliyyət üçün yaradılan şəraitdən
məmnunluq hissi keçirdiyini və buna görə Azərbaycan Prezidentinə
təşəkkür etdiyini söyləyib. Yoel Razvozov İsraildə də Azərbaycan
icmasının fəal olduğunu, ölkənin ictimai həyatına inteqrasiya
etdiyini, iki xalqın dostluq münasibətlərinin daimi olacağına
inamını ifadə edib.