Diasporla İş üzrə Dövlət Komitəsi və Qarabağ Dirçəliş Fondu arasında memorandum imzalanıb

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və
Qarabağ Dirçəliş Fondu arasında əməkdaşlığa dair Anlaşma
Memorandumu imzalanıb.

Komitədən AzerTimes-a verilən məlumata görə, Memorandumu Diasporla
iş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov və Qarabağ
Dirçəliş Fondunun (QDF) İdarə Heyətinin sədri Rəhman Hacıyev
imzalayıblar.

Memorandumun əsas məqsədi əməkdaşlıq çərçivəsində birgə
layihələr və tədbirlər həyata keçirməklə, işğaldan azad edilmiş
ərazilərin yüksək rifaha malik regiona çevrilməsinə töhfə
verməkdir. Sənəd xaricdə yaşayan azərbaycanlılar, diaspor
təşkilatları və digər xalqların nümayəndələri tərəfindən erməni
işğalı nəticəsində Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən
mədəni irsə, təbii sərvətlər və bioloji tərəfdaşlığa vurulan zərər
haqqında dünya ictimaiyyətinin məlumatlandırılmasını, Qarabağda
həyata keçirilən tədbirlərin və investisiya potensialının
dəstəklənməsi məqsədilə ianəçiliyi, dövlət-özəl tərəfdaşlığının
təsviq edilməsini əhatə edib.

Tədbirdə çıxış edən Komitə sədri xarici ölkələrdə fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatlarının Qarabağda aparılan
quruculuq işləri və Qarabağ Dirçəliş Fondunun fəaliyyəti barədə
mütəmadi məlumatlandırılmasının vacibliyini vurğulayıb. Qeyd edilib
ki, memorandumun əhatə etdiyi fəaliyyət istiqaməti Dünya
Azərbaycanlılarının Şuşada keçirilmiş V Qurultayı zamanı
müəyyənləşdirilən strategiyada da öz əksini tapıb. Təsadüfi deyil
ki, Zəfər Qurultayının iki panelindən biri “Qarabağın bərpası və
yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri” mövzusuna
həsr olunub.

Qarabağ Dirçəliş Fondunun fəaliyyətə başladığı ilk gündən
DİDK-dan dəstək gördüyünü deyən R.Hacıyev Müzəffər Ali Baş
Komandan, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın
mədəniyyət paytaxtı Şuşada keçirilən Zəfər Qurultayında iştirakını
və tədbir iştirakçıları ilə təmaslarını məmnunluqla xatırlayıb,
diaspor təşkilatlarının rəhbərlik etdiyi fondla səmərəli
əməkdaşlığına ümidvar olduğunu bildirib. Görüşdə Rəhman Hacıyev
Fondun ötən ilin yekunlarına dair, eyni zamanda cari fəaliyyəti
barədə məlumat verib.

Sonra birgə əməkdaşlıq çərçivəsində görülməsi nəzərdə tutulan
layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər bu
əməkdaşlığın işğaldan azad edilən ərazilərdə dayanıqlı
məskunlaşmaya, əlverişli həyat şəraitinin yaradılmasına töhfə
verəcəyinə əminliklərini ifadə ediblər.

Teqlər: