Diaspor rəhbəri niderlandlı deputatları idmanı siyasi oyunlara alət etməməyə çağırıb

Hollanda–Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın Niderland parlamentinin Nümayəndələr Palatasına sərt etirazını bildirib. Buna səbəb palata üzvlərinin ölkənin futbol üzrə milli komandasının qələbə qazanacağı təqdirdə Bakıda keçiriləcək dörddə bir final oyununda iştirak etməmək barədə dövlət məmurlarına çağırış etməsi olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, İ.Aşkın qeyd edib ki, Niderland mediasında ortaya çıxan xəbər bu ölkənin yığmasının çempionatdakı uğurlarına sevinən soydaşlarımızı üzüb. “Parlamentin çağırışı Azərbaycan xalqını məyus edib. İdman elə gözəl sahədir ki, hətta düşmənlik edən iki ölkə arasında yarışlar keçirilir. Sanki heç bir şey baş verməyib və layiq olan qələbə qazanır”.

Niderlandın siyasi dairələrindən qarşılıqlı anlayış gözlədiklərini vurğulayan İ.Aşkın parlamentarilərə sərt suallar ünvanlayıb: “1992-ci ildən bəri erməni işğalçıları tərəfindən əsir götürülən azərbaycanlılardan heç xəbəriniz varmı? İki həftə öncə bu işğalçıların Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına yerləşdirdikləri minaların partlaması iki gənc jurnalistimizin şəhid olması ilə nəticələndi. Əcəba səsiniz çıxdımı? Onların haqqı nə olacaq? İkiüzlülük edilir və bunun yanında avropalı həm səsini çıxarmır, həm də idmanın siyasətə bulaşmasına susmaqla bizi dərindən üzür. Ümid edirəm ki, sağlam qərar qəbul etməklə idmanı siyasi oyunlara alət etməzlər”.

Teqlər: