DGK Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Beynəlxalq konqresdə iştirak edib (FOTO)

17-20 noyabr 2021-ci il tarixlərində DGK Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Tibbi Xidmət İdarəsinin rəis müavini Elnurə Novruzlu, Mərkəzi Gömrük Hospitalı baş həkiminin müavini Rəna Qasımova və PR-mütəxəssis Dilara Zamanova Türkiyənin Antalya şəhərində 12-ci Beynəlxalq Səhiyyə və Xəstəxanaları İdarəetmə Konqresində iştirak ediblər.

Sağlık Akademisyenleri Derneği (SAD) və Şimali Karolinanın (ABŞ) Pembrok Universiteti ilə birgə təşkil edilən Konqresin əsas mövzusu tibb müəssisələrindəki tibbi, inzibati, texniki və maliyyə proseslərində idarəetmə, ictimaiyyətlə əlaqələr, xəstələr və işçilər arasında ünsiyyət məsələləri olub. Hibrid formatda keçirilən bu nüfuzlu beynəlxalq konqresə Türkiyə, ABŞ, Avstriya, İngiltərə, İspaniya, Hindistan, Pakistan, Bolqarıstan və digər ölkələrdən iştirakçı qatılıb. İştirakçıların əksəriyyəti online olaraq konqresə qoşulub, 100 nəfərə yaxın mütəxəssis konqresin işində canlı surətdə iştirak edib.

Noyabrın 18-də Konqresin sədri, Sağlık Akademisyenleri Derneğinin prezidenti Seval Akgün rəsmi açılış mərasimində tədbir iştirakçılarını salamlayıb, konqresdə müzakirə olunacaq məsələlər haqqında geniş məlumat verib. Bildirilib ki, hazırda COVİD-19 pandemiyası bütün dünyanın səhiyyə sistemlərini sarsıdıb. Bütün digər böhranlar kimi, bu böhran da bir sıra problemləri dərinləşdirib və əvvəllər fikir vermədiyimiz riskləri üzə çıxarıb. Artıq bunun səhiyyə sistemləri baxımından xəstəxanalara və digər tibb müəssisələrinə ən böyük təsirini görməyə başlamışıq.

Konqresdə aktual problemlərə həsr edilmiş mövzularda: pandemiya dövründə səhiyyə müəssisələrinin dayanıqlığı ilə bağlı dəyişikliklər, COVİD-19 günlərində səhiyyə sistemlərində sağlamlıq və təhlükəsizliyin təmin edilməsi, səhiyyədə böhran və risklərin idarə edilməsi, qəbul edilən qərarların əhəmiyyəti, səhiyyə xidmətlərində ictimaiyyətin iştirakı, tibb müəssisələrinin ictimaiyyətlə əlaqələrinin qurulmasında və əhalinin maarifləndirilməsində PR-mütəxəssislərin rolu, pandemiya dövründə səhiyyə müəssisələrinin idarə edilməsi, insan resurslarından səmərəli istifadə, maliyyə vəsaitinin bölüşdürülməsi və s. məsələlər müzakirə olunmuşdur.

Konqresdə Mərkəzi Gömrük Hospitalının stendi də yer almışdır. Burada nümayiş olunan broşürlər, foto və video materiallar tədbir iştirakçılarının böyük marağına səbəb olub. Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasıma təşəkkür plaketi təqdim edilib. O, göstərilən diqqətə görə tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək, bu cür konqreslərin keçirilməsinin xüsusi əhəmiyyətini qeyd edib. Qeyd edək ki, bu ilki konqres çoxlu sayda maraqlı təqdimatlar, müzakirələr və yeni informasiyalarla zəngin və daha məhsuldar olması ilə seçilmişdir.

Teqlər: