Mayın 20-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti
general-polkovniki Səfər Mehdiyev ilə Ümumdünya Gömrük Təşkilatının
(ÜGT) Baş katibinin müavini Rikardo Trevino Çapa arasında
videokonfrans formatında görüş keçirilib.
Görüşdə ÜGT-nin Strateji planı və təşkilatda seçkilərlə bağlı
məsələlər müzakirə olunub.
ÜGT ilə Dövlət Gömrük Komitəsi arasında səmərəli əməkdaşlıqdan
məmnunluqla bəhs edən Səfər Mehdiyev vurğulayıb ki, Prezident İlham
Əliyev rəhbərliyi ilə gömrük sistemində həyata keçirilən mütərəqqi
islahatlar hesabına bir sıra sahələrdə, o cümlədən gömrük
sistemində şəffaflığın təmin olunması, kadr potensialının
gücləndirilməsi, gömrük əməliyyatlarının sadə və sürətli şəkildə
reallaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub.
Komitə sədri ÜGT-nin Strateji planı ilə bağlı fikirlərini
bölüşərək bildirib ki, Azərbaycan gömrüyü informasiya
texnologiyaları vasitəsilə məlumat mübadiləsinin daha da
təkmilləşdirilməsinin və bu istiqamətdə əməkdaşlığın
gücləndirilməsinin tərəfdarıdır.
Rikardo Trevino Azərbaycan gömrük sistemində aparılan
islahatlardan və əldə olunan nəticələrdən məmnunluqla bəhs edib,
ÜGT ilə Azərbaycan gömrük xidməti arasında mövcud əməkdaşlığı
yüksək qiymətləndirib. ÜGT-nin Strateji planından bəhs edən Baş
katibin müavini vurğulayıb ki, sənədin əsas məqsədi inzibati
idarəetmənin təkmilləşdirilməsi, təşkilatın
müasirləşdirilməsidir.
Daha sonra tərəflər təşkilatda keçiriləcək seçkilərlə bağlı
müzakirələr aparıb, rəy və təkliflərini bildiriblər.