DGK sədri “Mazımqara” gömrük postunda mövcud vəziyyətlə tanış olub (FOTO)

Mayın 26-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük
xidməti general-polkovniki Səfər Mehdiyev Qərb Ərazi Baş Gömrük
İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Mazımqara” gömrük
postunda mövcud vəziyyətlə və onun yaxınlığında inşa edilən
Ticarətin Asanlaşdırılması Mərkəzinin tikintisilə tanış olub.

Komitədən AzerTimes-a bildirilib ki, ölkəmizin ixrac və tranzit
potensialının genişləndirilməsi, Azərbaycandan keçən nəqliyyat
dəhlizlərinin cəlbediciliyinin artırılması istiqamətində Prezident
İlham Əliyev tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Bu
baxımdan gömrük orqanları qarşısında duran əsas vəzifələrdən biri
də sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və
sürətləndirilməsi, gömrük-keçid məntəqələrinin buraxılış
potensialının artırılmasıdır.

Görülən işlərin icra vəziyyəti ilə tanış olmaq məqsədilə Dövlət
Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Mazımqara” gömrük postunda
olub, idxal və ixrac nəzarət xətlərində prosedurların icrası,
nəqliyyat vasitələrinin sərhədkeçmə prosesləri, son dövrlərdə
yaranan sıxlıqların operativ şəkildə aradan qaldırılması ilə bağlı
tapşırıqlar verib.

Daha sonra Səfər Mehdiyev “Mazımqara” gömrük postunun
yaxınlığında inşa olunan Ticarətin Asanlaşdırılması Mərkəzinin
tikinti işləri ilə yaxından tanış olub.

Qeyd edək ki, Mərkəz Gürcüstanla sərhəddən nəqliyyat
vasitələrinin keçidinin intensivliyinin artırılması, nəqliyyat
axınlarının səmərəli şəkildə idarə olunması məqsədilə inşa olunur.
Belə ki, nəqliyyat vasitələrinin sürətli keçidini təmin etmək
məqsədilə gömrük-sərhəd keçid məntəqələrindəki əməliyyatların bir
hissəsi artıq bu mərkəzdə icra olunur. Mərkəzin qismən fəaliyyətə
başlaması son dövrlərdə Gürcüstanla sərhəddə yaranan sıxlıqların
aradan qaldırılması, sərhədkeçmə proseslərinin səmərəli şəkildə
təşkil olunmasında da əhəmiyyətli rol oynayıb.

Komitə sədri Mərkəzin tikintisinin yüksək keyfiyyətlə
aparılması, eləcə də “Mazımqara” gömrük postunda sərhədkeçmə
prosedurlarının səmərəliliyinin artırılması, qarşıya çıxan
problemlərin operativ şəkildə həll edilməsi istiqamətində
tapşırıqlar verib.

Teqlər: