Yanvarın 19-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.
DGK-dən AzerTimes-a bildirilib ki, qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev BMT ilə Dövlət Gömrük Komitəsi arasında uzunmüddətli, səmərəli əlaqələrdən məmnunluqla bəhs edib və bu əməkdaşlığın Azərbaycan gömrüyünün inkişafına mühüm dəstək göstərdiyini diqqətə çatdırıb.
Ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində görülən tədbirlərə toxunan Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin gömrük sistemində həyata keçirilən islahatlar barədə danışıb. Tətbiq edilən yeniliklər hesabına şəffaflığın təmin olunduğu, dövlət büdcəsinə ödənilən vəsaitlərin bir neçə dəfə artdığı, qaçaqmalçılıqla mübarizədə mühüm nailiyyətlərin əldə edildiyi diqqətə çatdırılıb.
Səfər Mehdiyev BMT ilə Dövlət Gömrük Komitəsi arasında bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə, bu istiqamətdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanın da öz töhfəsini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva müstəqil Azərbaycanın gömrük orqanlarının inkişaf tendensiyasından, həyata keçirilən islahatlardan, informasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlərdən razılıqla söhbət açıb, nakotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində gömrük orqanlarının fəaliyyətini yüksək qiymətləndirib.
BMT ilə gömrük xidməti arasında əməkdaşlıqdan məmnunluqla danışan qonaq gələcək perspektivlər barədə də fikirlərini bildirib, mövcud səmərəli münasibətlərin daimi olacağına əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.