DGK əməkdaşları üçün “Nəqliyyat vasitələrinin axtarışı” mövzusunda təlimlər keçirilib (FOTO)

Dövlət Gömrük Komitəsi ilə Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığının birgə həyata keçirdiyi “Hunter” layihəsi çərçivəsində Cənub Ərazi Baş Gömrük İarəsinin Biləsuvar və Astara gömrük postlarının əməkdaşları üçün “Nəqliyyat vasitələrinin axtarışı” mövzusunda britaniyalı ekspertlərin iştirakı ilə təlimlər keçirilib.

Təlimlərin keçirilməsində əsas məqsəd yük nəqliyyat vasitələrinin təhlükəsiz və effektiv şəkildə axtarışı üzrə Böyük Birtaniya təcrübəsini bölüşməkdən ibarət olub.

Tədbirin açılışında çıxış edən Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayev Böyük Britaniyanın Sərhəd Mühafizəsinin nümayəndələrini salamlayaraq, “Hunter” layihəsi çərçivəsində həyata keçirilən təlimlərin gömrük əməkdaşlarının potensialının gücləndirilməsinə, sərhəd təhlükəsizliyinin təmin olunmasına dair fikir mübadiləsinin aparılmasına və yeni müasir texnologiyaların tətbiqi sahələri üzrə əməkdaşlığın inkişafına böyük töhvə verəcəyinə əminliyini ifadə edib.

İnteraktiv qaydada keçirilən təlim nəzəri və praktiki hissələrdən ibarət olub. Nəzəri məşğələlər zamanı şassinin və soyuducu qoşqunun konstruksiyası və komponent hissələri, treylerin növləri, tankerlərin tikintisinə dair məlumatlar verilib, tədbir iştirakçılarına nəqliyyat vasitələrinin konstruksiyalarına dair müxtəlif sənədlər paylanılaraq qrup şəklində fikir mübadiləsi aparılıb. Bundan əlavə Böyük Britaniyanın mütəxəssisləri tərəfindən gizlətmə üsulları barəsində video görüntülər nümayiş olunub.

Astara və Biləsuvar gömrük-sərhəd buraxılış məntəqələrində keçirilmiş praktiki məşğələlər zamanı britaniyalı ekspertlər tərəfindən gömrük əməkdaşlarına yük nəqliyyat vasitələrinin axtarışı ilə bağlı praktiki tapşırıqlar verilib.

Eyni zamanda, Dövlət Gömrük Komitəsi ilə Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığının birgə həyata keçirdiyi “Hunter” layihəsi çərçivəsində sözügedən təlimlərin bir hissəsi olaraq, Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığının nümayəndələri tərəfindən Dövlət Gömrük Komitəsinə əvəzsiz olaraq təhlükəsiz axtarış avadanlıqları hədiyyə edilib və təlimlərdə iştirak edən əməkdaşlara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, sözügedən təlimin 24-25 noyabr tarixlərində “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunun əməkdaşları üçün davam etdirilməsi nəzərdə tutulur.

Teqlər: