Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi ilə bağlı region ölkələrinin gömrük xidmətləri rəhbərlərinin görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gələn Tacikistan Respublikası Gömrük Xidmətinin rəisi Xurşed Karimzoda və Özbəkistan Respublikası İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsinin sədri Akmalxuja Mavlonov ilə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov arasında martın 13-də görüş keçirilib.
AzerTimes xəbər verir ki, görüşlərdə ölkələrimiz arasındakı mövcud əlaqələrdən, xüsusilə gömrük sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və şaxələndirilməsindən söz açılıb. Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu tranzit prosedurlarının sadələşdirilməsinin əhəmiyyəti və vacibliyi vurğulanıb, həmçinin Transxəzər Rəqəmsal Tranzit Portalının yaradılması istiqamətində görülən işlərdən, portalın mal və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi, məlumat mübadiləsinin gücləndirilməsi, vaxta və vəsaitə qənaət edilməsi baxımından əhəmiyyətindən danışılıb. O da qeyd olunub ki, rəqəmsal həllər əsasında gömrük prosedurlarının sadələşdirilməsi Orta Dəhlizin cəlbediciliyinin artırılmasına şərait yaradacaq ki, bu da region ölkələrinin ixrac potensialının yüksəldilməsinə, iqtisadi əlaqələrin daha da gücləndirilməsinə təkan verəcək.
Görüşlərdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.