DGK-da dəyişiklik: Generalların sayı kəskin azaldılır

DGK-da dəyişiklik: Generalların sayı kəskin azaldılır

Bir müddət öncə Dövlət Gömrük Komitəsində (DGK) ciddi struktur dəyişikliyi baş vermişdi. Gömrük sistemi regional idarəetmədən rayonlar üzrə idarəetməyə keçid etmişdi. Prezidentin fərmanı əsasında 5 il bundan öncə yaradılan baş idarələr, Şimal Ərazi, Cənub Ərazi və Qərb Ərazi Baş Gömrük İdarələri ləğv edilərək yenidən köhnə strukturlar, rayon və şəhər üzrə gömrük idarələri yaradılıb. Hazırda isə adı çəkilən baş idarələrdə ləğvetmə prosesinin getdiyi bildirilir, generallarqarışıq hamı sərəncama götürülüb.

AzerTimes xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, Rayon Gömrük İdarələri yenidən formalaşdırılır:

“Bir neçə gün öncə də DGK strukturunda 1-ci müavin və müavin ştatlarından biri ləğv edilib. Beləliklə, bütün bunlardan sonra güman etmək olar ki, DGK-nin yeni strukturunda generalların sayı xeyli, ən azı 6-7 nəfər azalacaq. Görünür ki, DGK-nin yeni rəhbərliyi regional idarəetməni məqsədəuyğun hesab etməyib. Hansı ki, zamanında bu strukturlar formalaşanda generalların sayının artırılması deyil, daha çevik və effektiv gömrük idarəetməsinin formalaşdırılması nəzərdə tutulmuşdu. Amma göründüyü kimi bu baş verməyib.

İndi necə olacaq? DGK hələlik bu haqda açıqlama verməyib, sadəcə, kadr islahatlarına, generalların, rəislərin sayının azaldılmasına yönəlik addımlara üstünlük verilib”.

O.Gündüz deyib ki, gömrük rəsmiləşməsində DGK ifrat mərkəzləşməni də yumşaltmaq niyyətindədir:

“DGK-nin rəqəmsal transformasiya sahəsində yaxşı ənənələri, effektiv rəqəmsal həlləri olub. Ümid edirəm, DGK-nin yeni strukturu Rəqəmsal Gömrük konsepsiyasının uğurla reallaşmasına kömək olacaq”.

Teqlər: