DGK Akademiyası ilə Azərbaycan Vəkillər Kollegiyası arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

Aprelin 28-də Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında Anlaşma
Memorandumunun imzalanma mərasimi keçirilib. Mərasimdə Dövlət
Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Akademiyanın
əməkdaşları, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının
sədri Anar Bağırov və kollegiyanın nümayəndələri iştirak
ediblər.

Trend xəbər
verir ki, akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu
Novruzov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi ali təhsil
müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Qulu Novruzov
qonaqlara Dövlət Gömrük Komitəsinin Akademiyasının yaranması,
tədris prosesi və beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti
haqqında ətraflı məlumat verib. O, Akademiya ilə Kollegiya arasında
əməkdaşlığın gələcək perspektivlərindən söz açaraq, tələbələr üçün
təcrübə proqramlarının təşkili, akademik sahədə püxtələşmiş
vəkillərin Akademiyanın tədris fəaliyyətinə cəlb edilməsi və digər
maraq kəsb edən məsələlər barəsində danışıb.

Daha sonra Gömrük Akademiyasının fəaliyyəti ilə bağlı geniş
təqdimat nümayiş etdirilib.

Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu
bildirən Vəkillər Kollegiyasının sədri Anar Bağırov Akademiyanın
müxtəlif ixtisaslar üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi
istiqamətindəki fəaliyyətini və əldə etdiyi nailiyyətləri yüksək
qiymətləndirib. Anar Bağırov son dövrlərdə vəkilliyin inkişafı və
Kollegiyanın fəaliyyəti barəsində ətraflı məlumat verib. O, Dövlət
Gömrük Komitəsinin Akademiyası ilə qarşılıqlı maraq doğuran sahələr
üzrə birgə fəaliyyətin hər iki tərəf üçün səmərəli olacağını
əminliklə qeyd edib.

Müzakirələrdən sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi
Qulu Novruzov və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası
sədri Anar Bağırov birgə əməkdaşlığa dair anlaşma memorandumu
imzalayıblar.

Memoranduma əsasən, tərəflər arasında qarşılıqlı şəkildə layihə,
konfrans, seminar və müzakirələrin təşkili, həmçinin Akademiyada
hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin bilik və
bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin
inkişafına dəstək göstərilməsi və s. məsələlər nəzərdə tutulub.

Daha sonra Akademiyanın rəisi Qulu Novruzov Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti
general-polkovniki Səfər Mehdiyevin müvafiq əmrilə təltif edilən
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar
Bağırova Dövlət Gömrük Komitəsinin 30 illik yubiley medalını təqdim
edib.
Görüşün sonunda qarşılıqlı simvolik hədiyyələr təqdim olunub.

Mərasimdən sonra qonaqlar Dövlət Gömrük Komitəsinin
Akademiyasının fəaliyyəti ilə yaxından tanış olublar.

Teqlər: