Dərhal İrəvana görüş üçün tarix və yer təklif etdik

Dərhal İrəvana görüş üçün tarix və yer təklif etdik

Ümid edirik ki, Ermənistan nəhayət, konstruktiv və səmimi şəkildə danışıqlara qoşulacaq.

AzerTimes xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Ermənistanın ehtiyatsız hərəkətlərinə baxmayaraq, Azərbaycan maksimum təmkin, atəşkəs rejiminin bərpası üçün xoş niyyət və səmimi iradə nümayiş etdirib:

“12-14 sentyabr 2022-ci ildə Ermənistan Silahlı Qüvvələrinin təxribatından sonra Azərbaycan humanitar nəticələrin aradan qaldırılması ilə məşğuldur, bu kontekstdə ölən əsgərlərin qalıqlarını birtərəfli qaydada Ermənistana qaytarmağa hazır olduğunu bəyan edib və bu barədə Beynəlxalaq Qırmızı Xaç Komitəsini məlumatlandırıb”.

C.Bayramov qeyd edib ki, Azərbaycan gərginlikdə maraqlı deyil və ola da bilməz:

“Əslində, son döyüşlər münaqişədən sonrakı irimiqyaslı investisiya və yenidənqurma layihələrinin həyata keçirildiyi ərazilərə yaxın yerdə baş verib. Bundan əlavə, son gərginlik Ermənistanda son 30 ildə gördüyümüz mənzərəyə çox uyğun gəlir. Ermənistan hər dəfə həlledici mərhələdə sıçrayış əldə etmək üçün lazımi qərarların qəbulu üçün məsuliyyətdən yayınaraq ciddi təxribatlara əl atır. Mən istərdim ki, Ermənistanın indiki rəhbərliyi özündən əvvəlkilərin yolu ilə getməsin, regionda sülh və təhlükəsizlik imkanları pəncərəsini qəsdən bir daha bağlamasın”.

Nazir bəyan edib ki, Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə, eləcə də vətəndaşlarının təhlükəsizliyinə qarşı yönəlmiş istənilən təhdidləri dəf etmək əzmindədir və Ermənistanı vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə çağırır.

“Ermənistan mehriban qonşuluq münasibətlərinin qurulması yolu ilə regionda sabit vəziyyət yaratmaq üçün normallaşma prosesində konstruktiv şəkildə iştirak etməlidir. Bu kontekstdə, Azərbaycan və Ermənistan liderlərinin 2022-ci il avqustun 31-də Brüsseldə Aİ Şurasının sədri ilə keçirilən dördüncü görüşündə əldə olunmuş razılığa əsasən, Azərbaycan Ermənistan tərəfinə bu məsələ ilə bağlı praktiki işə başlamağa hazır olduğunu təsdiqləyib. Görüşdən dərhal sonra biz Ermənistana belə danışıqların aparılması üçün konkret tarix və yer təklif etdik”, – C.Bayramov vurğulayıb.

XİN rəhbəri əlavə edib ki, ərazilərini uzun sürən xarici hərbi işğaldan azad edən Azərbaycan ən yüksək standartlara uyğun yenidənqurma və bərpa üçün bütün səylərini sərf etmək əzmindədir.

Teqlər: