Deputatlarımız bir sıra ölkələrdə Xocalı soyqırımına həsr olunmuş tədbirlərdə iştirak edəcəklər

Milli Məclisin deputatı Əziz Ələkbərli Xocalı soyqırımının 30-cu
ildönümünə həsr edilmiş tədbirdə iştirak etmək üçün fevralın 24-də
Türkiyənin İğdır şəhərinə səfər edəcək.

AzerTimes xəbər verir ki, tədbir
Azərbaycanın Qarsdakı Baş Konsulluğu və İğdır Dil, Tarix və
Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin
təşkilatçılığı ilə keçiriləcək.

Toplantıda Xocalıda baş vermiş qətliamda həlak olan dinc
insanların xatirəsi anılacaq, erməni silahlı qüvvələri tərəfindən
azərbaycanlılara qarşı törədilmiş faciə barədə geniş məlumat
veriləcək.

Səfər fevralın 26-da başa çatacaq.

Milli Məclisin deputatı, Moldova ilə parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun rəhbəri Sabir Hacıyev isə Xocalı soyqırımının
30-cu ildönümü münasibətilə Moldovada Azərbaycan səfirliyinin
təşkil etdiyi tədbirlərdə iştirak etmək üçün fevralın 25-də
Moldovanın paytaxtı Kişinyov şəhərinə yola düşəcək.

Anım tədbirlərində Xocalı soyqırımı qurbanlarının xatirəsi
anılacaq, insanlığa qarşı törədilmiş bu cinayət barədə ətraflı
məlumat veriləcək, faciəni əks etdirən sənədlər nümayiş
etdiriləcək.

Səfər fevralın 28-də başa çatacaq.

Milli Məclisin deputatı Ramil Həsən da Xocalı soyqırımının 30-cu
ildönümünə həsr olunmuş “Bir insanlıq cinayəti: Xocalı soyqırımı”
mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün fevralın 25-də
Şimali Kiprin Lefkoşa şəhərinə səfər edəcək.

Şimali Kipr Türk Respublikasında (ŞKTR) fəaliyyət göstərən
Azərbaycan-Kipr Dostluq Cəmiyyəti, Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək
Fondunun təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konfransda
deputatımızın çıxışı nəzərdə tutulub.

Tədbirdə Xocalıda baş vermiş qətliamda həlak olan dinc
insanların xatirəsi anılacaq, erməni silahlı qüvvələri tərəfindən
azərbaycanlı əhaliyə qarşı törədilən soyqırımı barədə geniş məlumat
veriləcək.

Səfər martın 1-də başa çatacaq.

Teqlər: