Deputatın təsis etdiyi şirkət AzTV-yə sendviç satacaq

Deputatın təsis etdiyi şirkət AzTV-yə sendviç satacaq

Azərbaycan Televiziya və Radio Verilişləri QSC (AzTV) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Ukrayna Ticarət Evi” MMC (VÖEN – 1404173661) olub.

AzerTimes Yeniavaz.com-a istinadən xəbər verir ki, tenderin qalibi olan şirkət AzTV-nin sifarişi əsasında “Düşən Pullar” televiziya şousunun çəkiliş məkanında yaradıcı heyətin və kütləvi səhnələrdə iştirakçıların qidalanması (“Catering”) xidmətini həyata keçirəcək və qarşılığında 24 min 18 manat 90 qəpik alacaq.

Bildirilir ki, AzTV 30 gün müddətində hər gün 230 ədəd sendviç (sendviç çörəyi, toyuq əti 100 qram, kahı, xiyar, pomidor, moyenez) və 6 900 ədəd 0,5 litr su (təbii mineral) alacaq.

Məlumat üçün bildirək ki, 10 manat nizamnamə kapitalı olan “Ukrayna Ticarət Evi” MMC 6 aprel 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC dövlət qeydiyyatına alınan zaman şirkətin qanuni təmsilçisi Yuriy Osadçenko Leonidoviç olub.

“Ukrayna Ticarət Evi” MMC-nin rəsmi saytında qeyd olunur ki, şirkətin əsas fəaliyyət istiqamətləri xarici ticarət, daxili ticarət şəbəkələri və distribusiyalarının yaradılması, fəal nəqliyyat-logistika zəncirlərinin işlənib hazırlanması, turizm, maliyyə auditi və konsaltinqdir. Eyni zamanda, Ukrayna ticarət-sənaye subyektlərinin Azərbaycandakı kontr-partnyorlar ilə qarşılıqlı əlaqələrinə, onların əməkdaşlığına və istehsalat kooperasiyalarına yardım və konsultativ monitorinq etmək nəzərdə tutulub.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Ukrayna Ticarət Evi” MMC-nin qanuni təmsilçisi 59 saylı Quba seçki dairəsindən deputat seçilən Əlibala Məhərrəmzadə Səttar oğludur. Əlibala Məhərrəmzadə iqtisadiyyat elmləri doktoru, eyni zamanda yazıçı-publisistdir.

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin 1-ci hisssəsində deputatın hansı hallarda mandatından məhrum ediləcəyi göstərilib. Konstitusiyanın 89-cu maddəsinin 1-ci hisssəsinin 4-cü bəndində açıq şəkildə yazılır ki, deputat dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir.

Məsələ ilə bağlı, Yeniavaz.com-a açıqlama verən millət vəkilinin köməçisi Elnur Xəlilov bildirib ki, Əlibala Məhərrəmzadə 6 sentyabr 2024-cu il tarixindən “Ukrayna Ticarət Evi” MMC-nin təsisçiliyindən azad olunub. Deputatın köməkçisi qeyd edib ki, Əlibala Məhərrəmzadə həm də MMC-nin qanuni təmsilçiliyini başqa bir şəxsə təhvil verib. Elnur Xəlilov reyesterdə müvafiq dəyişikliklərin aparılması üçün Vergi Xidmətinə rəsmi müraciətin edildiyini və yaxın günlərdə dəyişikliyin reyesterdə əks olunacağını bildirib.

Qeyd edək ki, 2022-ci ilin yanvar ayında Ukrayna Prezidenti Vladimir Zelenski Məhərrəmzadə Əlibala Səttar oğlunu III dərəcəli “Xidmətə görə” (“За заслуги”) ordeni ilə təltif edib.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski 2019-cu ildə Bakıda “Ukrayna Ticarət Evi” MMC-yə məxsus “Ukrayna Məhsulları” ticarət şəbəkəsinin mərkəzi mağazasının açılış mərasimində iştirak edib.

Teqlər: