Deputatdan əməkhaqları, pensiya, sosial müavinət və ödənişlərlə bağlı təklif

2022-ci il dövlət büdcəsi layihəsində əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artımı nəzərdə tutulur. Bu artımlar bazar qiymətlərindəki dəyişiklərə uyğun tənzimlənməlidir.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Könül Nurullayeva 2022-ci ilin dövlət büdcəsinin təqdimatı zamanı deyib.

Deputatın sözlərinə görə, aydındır ki, müşahidə olunan bahalaşma həm daxili, həm də xarici səbəblərlə əlaqədardır:

“Azərbaycanda istehsal xərclərinin artması yerli məhsulların qiymətinin dəyişməsində əsas rol oynayır. İnflyasiyanı sürətləndirən daha bir amil isə istehlak xərclərinin artması, yəni tələbin yüksəlməsi faktorudur. Bazarda baş verən təbii qiymət dəyişikliyinin qarşısını isə inzibati yolla almaq mümkün deyil. Bu cür cəhdlər iqtisadiyyatı, sahibkarları ciddi problemlərlə üzləşdirə bilər. Ona görə də, qiymət dəyişmələrindən sığortalanmaq üçün yalnız əhalinin gəlirləri artırılmalı və bundan ötrü müvafiq addımlar atılmalıdır. Əməkhaqları, pensiya, sosial müavinət və ödənişlər mümkün qədər artırılmalıdır”, – deyə deputat bildirib.

K.Nurullayeva həmçinin ipoteka kreditlərinin həcminin artırılması, əlçatanlığının təmin edilməsini təklif edir: “Əhalinin aztəminatlı təbəqələri üçün ipotekadan istifadə imkanları mövcud tələbata adekvat olmalıdır”, – deyə deputat bildirib.

Teqlər: