Xaçmaz rayonunun Çaykənarı kəndində Vətən müharibəsi şəhidi kiçik çavuş Nazir Xurşudovun xatirəsini əbədiləşdirmək məqsədilə şəhadətinin ildönümündə abidə-bulaq kompleksi istifadəyə verilib.
Trend xəbər verir ki, kompleksin açılış mərasimində Milli Məclisin deputatı Sevil Mikayılova, Xaçmaz Rayon İcra Hakimiyyətinin, yerli hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhidin döyüş yoldaşları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər.
Anım mərasimdə şəhidin abidə-bulaq kompleksi qarşısında ucaldılan büstü önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılaraq ruhuna dualar oxunub.
Tədbirdə çıxış edənlər 35 illik ömrünün 11 ilini Vətənə xidmətə həsr edən qəhrəman döyüşçünün göstərdiyi şücaətdən, Vətən müharibəsində qazanılan şanlı Zəfərdən bəhs ediblər.
Daha sonra Yeni Həyat, Qadaşoba, Mirzəmmədqışlaq və Şıxlar kəndlərində də şəhid ailələri görüşlər keçirilib. Milli Məclisin deputatı Sevil Mikayılova həmçinin Çaykənarı qaziləri ilə də görüşüb.
Xatırladaq ki, ildönümündə abidə-bulaq kompleksi istifadəyə verilən Nazir Müxənnət oğlu Xurşudov 1985-ci il fevralın 1-də Xaçmaz rayonunun Çaykənarı kəndində anadan olub. Ailədə üç qardaş, bir bacı olublar. Milli Qəhrəman Yavər Şahbazov adını daşıyan tam orta məktəbi bitirən Nazir uşaqlıqdan idmana maraq göstərib və bir sıra yarışlarda qalib.
Orta məktəbi başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Murovda və Gədəbəydə kəşfiyyat bölüyündə xidmət edib. Əsgərliyini bitirdikdən sonra öz istəyi ilə yenidən ordu sıralarına yazılan Nazir Xurşudov bir müddət Azərbaycan Sülhməramlı Qüvvələrində xidmət edib. Qorxmaz hərbçi Əfqanıstan, Pakistan və Bolqarıstanda xüsusi kurslara da qatılıb. Daha sonra xidmətini Qusar rayonunda yerləşən hərbi hissənin kəşfiyyat bölüyündə davam etdirib.
Nazir Xurşudov 2016-cı ilin Aprel döyüşlərində və ötən ilin iyul ayında baş verən Tovuz döyüşlərində də düşmənə qarşı savaşıb. Bu döyüşlərdə göstərdiyi şücaətə görə medal və fəxri fərmanlarla təltif olunub.
Vətən müharibəsinin ilk günündən döyüşə atılan qorxmaz kəşfiyyatçı Ağdam, Füzuli, Cəbrayıl və Xocavənd rayonları uğrunda qəhrəmanlıqla savaşıb. Oktyabrın 21-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Şəhid kəşfiyyatçı oktyabrın 28-də doğulduğu Xaçmaz rayonunun Çaykənarı kəndində dəfn edilib.
Nazir Xurşudov ailəli idi. 12 yaşlı Şahin və 11 yaşlı Asiman adlı oğlanları yadigar qalıb.
Ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.