Deputat Anar İsgəndərovun tələbələrlə görüşü olub (FOTO)

Dekabrın 8-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, tarix elmləri doktoru, professor Anar İsgəndərovun tələbələrlə görüşü keçirilib.

Tədbiri giriş sözü ilə universitet THİK-in sədri Bayram Aslanov açaraq seminar iştirakçılarını salamlayıb. O, bu görüşün Ulu Öndər Heydər Əliyevin vəfatının ildönümü ərəfəsinə təsadüf etdiyini bildirib. Sonra ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bayram Aslanov öz çıxışında bu görüşün keçirilməsində əsas məqsədin Azərbaycan gənclərinin tariximiz haqqında daha geniş və ərtaflı məlumatların öyrənilməsinə yönəldiyini vurğulayıb.

Milli Məclisin deputatı Anar İsgəndərov dəvətə görə universitetin rəhbərliyinə təşəkkür edib, tələbələrlə hər zaman ünsiyyətdə olmaqdan məmnun olduğunu söyləyib. A.İsgəndərov Azərbaycan tarixinin müxtəlif dövrlərinə nəzər salıb, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan parlamentinin təsisi, dahi rəhbər Heydər Əliyevin siyasi fəaliyyəti, 44 gün davam edən Vətən müharibəsi və şanlı qələbəmiz haqqında ətraflı danışıb, gəncləri vətənpərvər olmağa səsləyib.

Professor ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin ən yeni tariximizdə müstəsna yeri olduğunu qeyd edib. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyevin dünyada nadir tarixi şəxsiyyətlər sırasında olduğunu bildirib. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkül tapması və əsas qurucusunun ümummilli lider olduğunu deyib. “Bunu demək yerinə düşər ki, hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu.”

“Birinci Qarabağ müharibəsindən fərqli olaraq, Vətən müharibəsi zamanı Azərbaycanda xalq-dövlət birliyi mövcud idi. Prezident, Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi məhz xalq-ordu-dövlət birliyi sayəsində “dəmir yumruğu” formalaşdırmaq mümkün oldu. Nəticədə 44 günlük Vətən müharibəsi ərzində Azərbaycan öz haqqını bütün dünyaya bəyan edə bildi, düşməni Azərbaycan torpaqlarından qovdu və noyabrın 10-da Ermənistanın danışıqsız təslim olunması haqqında Bəyanat imzalandı”, – deyə deputat qeyd edib.

Diskussiya formatında davam edən görüşdə gənclərin sualları cavablandırılıb, o cümlədən mövzu ilə bağlı Bayram Aslanovun fikirləri dinlənilib.

Sonda universitet THİK-in sədri Bayram Aslanov Milli Məclisin deputatı Anar İsgəndərovun həm alim, həm də insan kimi örnək olduğunu vurğulayıb, tələbələrlə görüşə gəldiyinə, geniş və əhatəli çıxışına görə təşəkkür edib.

Teqlər: