Dənizdə külli miqdarda tütün məmulatlarının qanunsuz qaçaqmal­çılığının qarşısı alınıb

Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfi­zəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin güclən­dirilməsi, qaçaqmalçılıq və digər qanunsuz fəaliyyətlər ilə mübarizə sahəsində tədbirlər dаvаm еtdirilməkdədir.

Cari ilin sentyabr ayının 21-də Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi birgə tədbir nəticəsində dənizdə külli miqdarda tütün məmulatlarının qanunsuz qaçaqmal­çılığının qarşısı alınmışdır.

Salyan rayonu istiqamətindən naməlum 2 üzmə vasitəsinin rejim qayda­larını pozaraq icazəsiz olaraq gecə vaxtı dənizə çıxması barədə qabaqlayıcı məlumata əsasən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Xəzər dənizi­nin cənub istqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi qeyd olunan əraziyə göndərilmişdir. Texniki müşahidə avadanlıqları və radarlar vasitəsilə üzmə vasitələrinin hərəkəti nəzarətə götürülmüş, sahildən 1.6 mil məsafədə 2 nəfər heyət üzvü olan 1 ədəd bort nömrəsiz “Yamaha-8” mühərrikli taxta tipli qayıq və onun yedəyində mühərrik­siz rezin qayıq saxlanılmışdır.

Üzmə vasitələrinin heyəti özlərini Neftçala rayonu, Qoltuq kənd sakinləri 1978-ci il təvəllüdlü Quliyev Süleyman Qəhrəman oğlu və 1987-ci il təvəllüdlü Abuşov Sahib Qarakişi oğlu kimi təqdim etmişlər.

Qayıqlara baxış zamanı ümumilikdə 48 680 qutu müxtəlif növ tütün məmulatları (“Manchester”, “Magna”, “Senator”, “Kent”, “Platinum”, “King”, “Want”) aşkar edilmişdir.

Fаkt ilə bağlı əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Teqlər: