Hərbi Dəniz Qüvvələrində “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Bakı şəhərində keçirilən “Dəniz kuboku” müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib.
AzerTimes xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin rəhbərliyi, Milli Məclisin deputatları, Qaradağ rayon İcra Hakimiyyətinin, Respublika Veteranlar Təşkilatının, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin və iştirakçı ölkələrin nümayəndələri, hərbi attaşelər, yerli və xarici kütləvi informasiya vasitələrinin əməkdaşları, eləcə də digər qonaqlar iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.
Müsabiqədə iştirakçı dövlətlərin bayraqları hərbi orkestrin müşayiəti ilə meydana daxil olublar. Mərasimdə müsabiqəyə ev sahibliyi edən Azərbaycanın dövlət himni ifa edilib, üçrəngli bayrağı qaldırılıb.
Mərasimdə çıxış edənlər qonaqları salamlayıb, onlara “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində ölkəmizdə keçirilən “Dəniz kuboku” müsabiqəsinin açılışı münasibətilə müdafiə nazirinin təbrikini çatdırıblar.
Bildirilib ki, Beynəlxalq Ordu Oyunları hərbi əməkdaşlığın, hərbçilər arasında dostluğun möhkəmləndirilməsi, peşəkarlığın daha da artırılması məqsədinə xidmət edir. Qeyd olunub ki, “Dəniz kuboku” müsabiqəsi ölkələrimiz arasında qarşılıqlı əlaqələrin, əməkdaşlığın daha da güclənməsinə öz töhfəsini verəcək.
Sonra “Dəniz kuboku” beynəlxalq müsabiqəsi açıq elan edib.
Açılış mərasimdə incəsənət ustalarının, Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivinin iştirakı ilə teatrlaşdırılmış kütləvi bədii proqram təqdim olunub.
“Dəniz kuboku” müsabiqəsində hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq birincilik uğrunda mübarizə aparacaqlar.