Ermənistanın ikinci prezidenti Robert Koçaryanın Moskvada “Pozner” proqramına verdiyi müsahibə bir çox mətləblərin üstünü açdı. Bu müsahibə ilə o, bir növ öz kimliyini, məqsəd və məramını bir daha açmış oldu. Başqa sözlə, Koçaryan Birinci Qarabağ savaşının əsas cəlladlarından biri olduğunu, İkinci Qarabağ savaşında məğlubiyytdən sonra faşist və revanşist mövqedə qaldığını, baş nazir Nikol Paşinyanı “vurub” yenidən hakimiyyətə gəlmək istədiyini nümayiş etdirdi. Həmçinin, Koçaryan Rusiyanın adamı olduğunu, ona sadiqliyini və yarındığını açıq şəkildə göstərmək istədi.
İndi isə gəlin, bir qədər detallara varaq; Koçaryan Poznerin sualına cavab olaraq, “qorxaqlığı bağışlamağa hazıram, amma xəyanəti bağışlamıram” deməklə, əslində, Ermənistan hakimiyyətini xəyanətdə ittiham elədi. Konkret olaraq, müharibədəki ağır məğlubiyyətə görə, Nikol Paşinyanı Rusiyaya qarşı çıxmaqda və satqınlıqda günahlandırdı. Onun iddiasına görə, müharibə günlərində “qazanırıq”, “irəli gedirik” kimi xəbərlərlə xalq aldadıldı. Yəni Ermənistan hakimiyyəti müharibənin real vəziyyəti barədə xalqı məlumatlandırmadı. Nəticədə qəfil baş verən ağır məğlubiyyət xalqı şoka saldı.
Koçaryanın sözlərinə görə, demək olar ki, bütün ekspertlər Ermənistanın son illərdə yürütdüyü siyasətin qaçılmaz olaraq müharibəyə aparacağını söyləyirdilər. Və bütün mütəxəssislər yekdilliklə hazır olmadığımızı, problemli, çətin bir müharibə olacağını deyirdilər, ancaq səlahiyyətlilər bunu təkzib edirdilər.
Bununla Koçaryan bir daha mövcud hakimiyyəti yarıtmazlıqda günahlandırdı. Lakin Koçaryan erməni xalqının mənafeyini düşünsəydi, indiki mövqeyini müharibədən əvvəl də sərgiləyərdi. Bu barədə isə məhz Pozner ondan soruşmalı idi ki, ay Koçaryan, bəs, müharibədən əvvəl və müharibə günlərində niyə susmuşdun, harada idin, indi niyə ortalığa düşmüsən, nədən belə canfəşanlıq edirsən? Koçaryan bu verilişdə, həmçinin 44 günlük müharibədə darmadağın edilən Ermənistan ordusunu kimlərin qurması sualına da cavab verməli idi.
Yəni bu kimi məqamlara aydınlıq gətirmək əvəzinə həmin verilişdə sanki Koçaryana meydan verilmişdi ki, ürəyini boşaltsın. O da eləmədi tənbəllik, Rusiyaya nə qədər lazımdır – o qədər yaxın olduğunu ifadə etdi. Yarınmaq kimi çıxsa da Ermənistandakı müəyyən dairələrin “Rusiya Ermənistana xəyanət etdi” və “müttəfiq ola bilməz” ifadələrini şərh edərək bildirdi ki, Rusiya bu müharibəni dayandırmaq üçün əlindən gələni etdi. Bu müharibə təxribatını edən Rusiya deyildi…
Sözügedən müsahibədə Koçaryan anti-Türkiyə mövqeyini də gizlətmədi. O, Ermənistan üçün ən böyük təhlükənin məhz Türkiyə ilə əlaqənin olduğunu vurğuladı (nə qədər absurd səsləndə də). “Türkiyəni ermənilər təhdid kimi qəbul edirlər” – deyə, keçmiş prezident bildirdi. O, daha sonra qeyd etdi ki, Ermənistanın Rusiyaya yönəlməsi təkcə Türkiyəni deyil, həm də amerikalıları qıcıqlandırır: “Ermənistanda vəziyyəti daha da gərginləşdirməyə çalışan qüvvələr çox fəaldır, Rusiyanı müharibəni uduzmaqda günahlandırmağa çalışırlar. Soros təşkilatları, qlobalist dəyərləri təbliğ edən müxtəlif qeyri-hökumət təşkilatları – kimliyimizin təməlinin necə aşındığını, oriyentasiya vektorunu dəyişdirməyin lazım olduğunu necə təklif etdiklərini görürük. Bu, gündəlik olaraq edilir”.
Baxın, adam konkret olaraq Rusiyanın müdafiəsinə qalxır və dolayısı ilə Ermənistandakı mövcud hakimiyyətin Rusiyaya xəyanət etdiyini deməyə çalışır. Ümumiyyətlə, son günlərdə Koçaryanın siyasi fəallığından və səsləndirdiyi fikirlərdən yalnız bu qənaətə gəlmək olar ki, o, məğlubiyyətdən sonra Ermənistanda yaranmış xaotik durumdan yararlanaraq yenidən hakimiyyətə gəlmək istəyir və bunun üçün məhz Rusiyanın dabanından yapışır. Təkrar Rusiyanın forpostu olan bir Ermənistan qurmaq niyyətindədir. Təbii olaraq, keçmiş Qarabağ klanının əsas funksionerlərindən biri kimi yenidən Azərbaycana qarşı torpaq iddiasına qalxmaq kimi absurd bir istəyi də var. Lakin anlamır ki, nə Azərbaycan o Azərbaycan, nə də region o region deyil. Türklər demiş, dəngələr çoxdan dəyişib…
Elgün MƏNSİMOV,
Trend