Dəmir Yolu Polisi bir neçə istiqamətdə əməliyyat tədbirləri keçirib.
AzerTimes xəbər verir ki, DİN-in Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının Zazalı Dəmir Yolu stansiyasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Sahib Həsənov saxlanılan zaman onun üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd həmin avtomata aid patron darağı və 10 ədəd 5.45 kalibirli patron aşkar edilərək götürülüb.
Polis Şöbəsinə Dəllər-Şəmkir dəmir yolu yaxınlığında silah-sursat olması barədə daxil olan məlumata görə, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirmiş bu zaman oradan 2 ədəd “F1” əl qumbarası, 1 ədəd “UZRMQ” markalı partladıcı, 2 ədəd “Çermuxa” markalı tüstü qumbarası, 4 ədəd avtomat darağı, 47 ədəd müxtəlif silahlara məxsus patron aşkar edilərək götürülüb.
Polis əməkfaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində isə Gəncə şəhər sakini özünəməxsus, müvafiq sənədləri olmayan ov tüfəngini könüllü təhvil verib.
Bundan başqa, XPŞ-nin və Ağstafa Xətt Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Əlixan Hüseynov saxlanılaraq Polis Bölməsinə gətirilmiş, üzərinə baxış keçirilən zaman 470 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.