Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Televiziyasının birgə layihəsi olan “Tut əlimdən”in budəfəki qonağı Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov olub.
H.Məmişov Vətən Müharibəsi Qəhrəmanı, şəhid “Dəmir qanadlı” ləqəbli pilot Ramiz Qasımovun övladları ilə bir gün keçirib.
Şəhidimizin Gülanə və Gülay adında iki qızı, Vaqif adında oğlu var.
DSMF sədri bildirib ki, layihənin hər buraxılışında bir məmur şəhid övladları ilə vaxt keçirir, onların qayğıları ilə maraqlanır: “Uşaqlarla keçirdiyim gündən çox xoş təəssürat aldım. İnanıram ki, onlar da mənimlə keçirdikləri gündən zövq alıblar”.
“Tut əlimdən” bu gün – oktyabrın 7-si saat 18:30-da AzTV-də yayımlanacaq.
Qeyd edək ki, layihənin məqsədi şəhid əmanətlərinin (gələcəkdə digər həssas əhali qruplarından olan azyaşlıların) daim diqqət və qayğı əhatəsində olduqlarını, bundan sonra da daim dövlətin, ümumilikdə isə cəmiyyətin dəstəyini yaxından hiss edəcəklərini vacib mesaj olaraq çatdırmaqdır.
Layihənin hər bölümündə vəzifəli, yaxud ictimaiyyət tərəfindən tanınan hər hansı şəxs bir gününü şəhid övladları ilə keçirəcək, uşaqların qayğılarını bölüşəcək, onların asudə vaxtının faydalı keçməsinə dəstək olacaq.
“Tut əlimdən” layihəsinin ilk buraxılışı sentyabrın 30-u yayımlanıb.
Layihənin növbəti qonağı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova olacaq.
Vətən naminə canını fəda etmiş igidlərimizin uşaqlarına “Tut əlimdən” deyərək daim onların yanında olduğumuzu bir daha göstərək!
Anons linki: https://www.youtube.com/watch?v=LHiuwb2wvW8