Ermənistan və Azərbaycanın sərhəd demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri komitəsinin birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin təsdiqlənməsinə sayılı günlər qalıb.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Bildirilib ki, razılaşmaya görə, demarkasiyanın hansı əsasında və haradan başlayacağı prinsiplərini müəyyən edəcək saziş iyulun 1-də imzalanmalıdır.
Erməni mətbuatının iddiasına görə, Azərbaycan hələ 2018-ci ildən Göyçə (Geqarqunik) və Vedi (Ararat), xüsusən də Vedi-Dərələyəz (Vayots-Dzor) hissəsinin sərhədini demarkasiya etmək istəyir.
Mətbuat yazır ki, həmin ilin aprel-may tarixlərində Ermənistan Naxçıvan istiqamətində “böyük ərazi itirib”. Erməni mətbuatı 2018-cı il mayın 20-dən 27-nə qədər Ordumuzun keçirdiyi Günnüt əməliyyatı ilə ermənilərin işğalda saxladığı ərazilərin azad edilməsini nəzərdə tutur. Həmin əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Ordumuzun nəzarətinə keçmişdi. Döyüşlər nəticəsində 11 min hektarlıq ərazi azad olunmuşdu. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib.