Xəbər - Elçin Mehdiyev – Trend:
Qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə
havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının
pozulmasına görə müəyyən edilən yeni cərimələrlə bağlı layihə
ikinci oxunuşda Milli Məclisdə təsdiq edilib.
AzerTimes-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən
iclasında ikinci oxunuşda olan “Qaz təchizatı haqqında” Qanunda və
İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin edilməsi haqqında
qanun layihələri müzakirəyə çıxarılıb.
Layihə dəm qazından zəhərlənmələrin və qaz partlayışı
hadisələrinin qarşısının alınması üçün qanunvericiliyin
təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
İclasın gündəliyinə çıxarılan İnzibatı Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) isə qaz
təchizatı və istifadəsi zamanı qanunvericiliyin tələblərinin
pozulması ilə bağlıdır. Sənəddə İnzibati Xətalar Məcəlləsinə qaz
qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma
və havadəyişmə xətlərinə texniki xidmət qaydalarına əməl edilməməsi
ilə bağlı 279.0.1-1-ci maddənin əlavə edilməsi təklif olunub.
Həmçinin qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq
icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi ilə
bağlı 542-ci maddənin yeni redaksiyasında cərimələr nəzərdə
tutulub.
Dəyişikliyə əsasən, qeyd olunan pozuntuya görə fiziki şəxslər
iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min
manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş
yüz manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.
Müzakirələrin sonunda qanun layihələri ikinci oxunuşda
səsverməyə qoyularaq qəbul edilib.