Xəbər - Humay Ağacanova – Trend:
Havalar soyuduqca məişətdə daha çox təbii qazla işləyən qızdırıcılardan istifadə olunur. Bu isə qazdan zəhərlənmə hallarının da artmasına səbəb olur.
Bəs dəm qazından zəhərlənmə baş verən zaman ilkin tibbi yardım necə olunmalıdır?
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, dəm qazı zəhərlənməsi zamanı şəxs özündə zəhərlənmənin hər hansı bir əlamətini hiss edirsə və huşu üzərindədirsə, dərhal həmin mühitdən uzaqlaşdırılmalı, təmiz hava alması üçün şərait yaradılmalı, maye qəbul etməlidir:
“Daha sonra isə təcili tibbi yardım briqadası çağırılıb onun dəm qazında zəhərlənməsi halı təsdiqlənməldir. Çünki şəkər xəstəliyi və qan təzyiqinin yüksəlməsi halı ilə dəm qazından zəhərlənmə oxşar kliniki formalara malikdir. Huşu üzərində olmadıqda isə eyni qayda da həmin mühitdən uzaqlşadırılıb, təcili yardım çağırılmalıdır”, – deyə o qeyd edib.
Qeyd edək ki, 31 dekabrdan 5 yanvaradək Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 142 müraciət daxil olub. Müraciət edənlərdən 13 nəfərin vəziyyəti ağır olduğu üçün Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, 129 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Xəstəxanaya yerləşdirilən 13 nəfərdən (5 qadın, 3 kişi, 5 uşaq) 5-i dəm qazından, 3-ü dərmandan, 1-i sirkə turşusundan, 2-si allergiya səbəbindən, 2-si etanol spirtindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, onlardan birinin (qadın) həyatını xilas etmək mümkün olmayıb.
İlkin tibbi yardım göstərilərək evə buraxılan 129 nəfərdən 28-i dəm qazı, 13-ü dərman, 33-ü alkoqollu içki, 9-u göbələk, 9-u allergiya, 1-i əqrəb sancması səbəbi ilə müraciət edib.
Ümumilikdə isə ötən il dəm qazından 250 nəfər, ilan çalması nəticəsində 110, dərman preparatlarından isə 98 nəfər zəhərlənib.