Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib.
AzerTimes xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib.
Tərəflər bir sıra məsələlərlə bağlı razılıq əldə ediblər.
Müəyyənləşdirilib ki, sərhəd xəttinin ayrı-ayrı hissələri Azərbaycanın Bağanıs Ayrım Ermənistanın Bağanis kəndləri, Azərbaycanın Aşağı Əskipara Ermənistanın Voskepar, Azərbaycanın Xeyrimli Ermənistanın Kirants və Azərbaycanın Qızılhacılı və Ermənistanın Berkaber kəndləri arasından keçəcək, xətlərin müəyyənləşdirilməsi SSRİ-nin son illərində mövcud olan dövlətlərarası sərhədlərə uyğun olaraq həyata keçiriləcək.
Tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətləri ilə əlaqə saxlamaq barədə razılıq əldə ediblər. Həmçinin delimitasiya prosesi tam başa çatana qədər, Təsvir Protokolunda göstərilən sərhəd xəttinin hissələrinin delimitasiya edilmiş hesab olunması razılaşdırılıb.