Dələduzluq edən sabiq FHN əməkdaşının işi məhkəməyə göndərildi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə
Xidmətinin Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsində texnika
üzrə sabiq rəis müavini Ramil Əliyevin işlədiyi dövrdə ayrı-ayrı
şəxslərdən işə düzəltmək adı ilə pul tələb edərək alması faktı ilə
bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət
işinin ibtidai istintaqı tamamlanıb.

Quba Rayon Prokurorluğundan AzerTimes-a verilən məlumata görə, aparılmış
istintaqla Ramil Əliyevin öz qulluq mövqeyindən istifadə edərək
ayrı-ayrı şəxslərin ona olan etibarından sui-istifadə etməklə
əmlaklarını ələ keçirmək məqsədilə onları Quba Rayon Dövlət
Yanğından Mühafizə Hissəsində yanğınsöndürən vəzifəsinə işə qəbul
etdirəcəyi barədə yalandan vədlər edərək ümumilikdə 21.500 manat
məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə əsaslı
şübhələr müəyyən edilib.

Ramil Əliyevə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4
(şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar
xeyli miqdarda dələduzluq törədildikdə) və 32.4, 312.2-ci (rüşvət
verməyə təhrik etmə) maddələri ilə yekun ittiham elan edilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır
Cinayətlər Məhkəməsinə göndərilib.

Teqlər: