Tikinti şirkəti rəhbəri həbs edildi

Tikinti şirkəti rəhbəri həbs edildi

Bakıda bir evi bir neçə adama satan tikinti şirkətinin rəhbəri həbs edilib. Baş Prokurorluqdan verilən məlumata görə “İdeal-İ İnşaat” MMC-nin direktorunun müqavilə əsasında satılmış mənzilləri təkrarən başqa şəxslərə satması faktlarına görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə başlanmış cinayət işi üzrə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq tədbirləri davam etdirilir.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Xətai rayonu ərazisində Xocalı prospekti 29 saylı ünvanda Cəmiyyət tərəfindən yeni tikilmiş binaların müqavilə əsasında satışını həyata keçirən direktor Çingiz Məmmədovun vətəndaşlara satılmış mənzilləri təkrarən başqa şəxslərə sataraq onlara ümumilikdə 641 min manat məbləğində ziyan vurmasında əsaslı şübhələr olub. Bunun üçün Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda yol verilmiş qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.