Diversifikasiya iqtisadi, müdafiə və siyasi sahədə müstəqilliyini təmin etmək istəyən ölkə üçün zəruridir. Fransızların bir sözü var: bütün yumurtalarınızı bir səbətə qoymayın. Düşünürəm ki, hazırda bu, Ermənistan hakimiyyətini narahat edir. Biz fransızlar bu yolda İrəvanı dəstəkləməyə hazırıq.
AzerTimes xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Olivye Dekottini deyib.
“Bu gün Ermənistana ən böyük su tədarükçüsü Fransa şirkəti – “Veolia Jur”un Ermənistan filialıdır. Ermənistanda ən böyük yığılan pensiya fondu Fransanın “Amundi Akba” şirkətinə məxsusdur. Beləliklə, dəstək prosesinə başlamışıq, bu o deməkdir ki, artıq nəsə edə bilərik. Bəli, daha çox şey də edə bilərik. Bu nəyi nəzərdə tutur? – Ermənistanda əlverişli biznes mühitinin olduğunu, monopoliyaya, korrupsiyaya qarşı mübarizəni, Ermənistanda yerləşən xarici müəssisələr üçün əlverişli şəraiti. Gəlin, Ermənistanda yerləşmək niyyətində olan bir çox Fransa şirkətini məyus edən əlverişsiz şəraitə görə “Orange”nin Ermənistanı necə tərk etdiyini xatırlayaq. İrəvan biznes mühitinin yaxşılaşdırılması üçün səy göstərməlidir və avropalıların da bu məsələdə iştirak etmək iradəsi var. Fransa tərəfinin niyyətləri göz qabağındadır”, – o bildirib.
Ermənistanın Aİİ və KTMT çərçivəsində Rusiya ilə münasibətlərinin Avropaya inteqrasiyaya nə dərəcədə mane olması ilə bağlı suala Fransa səfiri belə cavab verib:
“Bu gün Rusiyanın Avropa təhlükəsizliyinə əsas təhdid olduğu bir vaxtda Moskvanı Avropa ilə əlaqələndirmək mümkün deyil. Siz Ermənistan olaraq, Rusiya, Türkiyə və İran kimi güclərin əhatəsindəki regional mühitdəsiniz. Siz AB ölkələri, Fransa, Hindistan kimi daha uzaq ölkələrlə əlaqələrinizi inkişaf etdirərkən bu regional mühitdə fəaliyyət göstərə bilməlisiniz. Düşünürəm ki, burada əsaslı ziddiyyət yoxdur, bir əsas seçim etməyə ehtiyac yoxdur, ancaq maraqlarınıza uyğun olaraq müəyyən məsələlərdə bir neçə seçim etmək olar. Sizin ehtiyaclarınıza praqmatik cavab vermək üçün buradayıq və bunu artıq hərbi sahədə də nümayiş etdirmişik. Bu, Ermənistanın KTMT-də qalmasına mane olmadı”.