Rusiya, Ermənistan və Azərbaycan eksterritorial dəhliz yaradılmasını müzakirə etmir, çünki yollar yalnız tərəflər arasında sərhədi keçmək və bu yollarla hərəkət üçün hüquqi rejimi dəqiq müəyyən etdikdən sonra açıla və ya tikilə bilər. Danışıqlar zamanı bu rejimin müəyyənləşdirilməsinə yanaşmaların əsasını təşkil edən prinsipin işlənib hazırlanması vacibdir: “Yol üzərində suverenliyi yolun ərazisindən keçən ölkə həyata keçirir”. Bu o deməkdir ki, əgər yol Ermənistan ərazisindən keçirsə, bu, Ermənistan yoludur, Azərbaycan ərazisi boyuncadırsa, Azərbaycan yoludur.
AzerTimes xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
Onun sözlərinə görə, Azərbaycanla dövlət sərhədlərinin həllində Ermənistanın Avrasiya İttifaqına üzvlüyü də nəzərə alınacaq.
“Bütün müqavilələrimiz bu amil nəzərə alınmaqla qurulub. Eyni zamanda, müştərilərin nöqteyi-nəzərindən insanların və malların sərhədi keçməsini asanlaşdıran informasiya texnologiyalarından maksimum istifadə etməyə çalışırıq. Hesab edirəm ki, müzakirə olunan texnoloji həllər daha sonra Avrasiya İttifaqının gömrük sərhədinin digər bölmələrində istifadə üçün nümunə ola bilər”, – Overçuk bildirib.