Dehli İrəvanda nə “axtarır”? – Pakistanlı ekspert

Dehli İrəvanda nə “axtarır”? – Pakistanlı ekspert

Armen Qriqoryan Hindistanın xarici işlər nazirinin dəvəti ilə Nyu Dehliyə səfər edib. Qriqoryanın terrorizmə qarşı tədbirdə iştirak edəcəyi deyilsə də, silah alınması üçün də müxtəlif görüşlərə qatılacağı ilə bağlı da xəbərlər var.

Bu sözləri AzerTimes-a Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın Hindistana səfərini şərh edən Azərbaycan və MDB ölkələri üzrə pakistanlı mütəxəssis Mahmud Həsən deyib.

Ekspert Ermənistanın Hindistanın köməyi ilə regionda nəyisə dəyişməyə ümid etməsini xam xəyal adlandırıb:

“Türkiyə və Pakistanın Azərbaycanla qardaş ölkələr olduğunu və onu bütün sferalarda istisnasız dəstəklədiyini hamı bilir. Ölkələrimiz arasında ciddi strateji tərəfdaşlıq və müttəfiqlik çərçivəsində inkişaf edən əlaqələrə qarşılıqlı sərmayə qoyuluşu, nəhəng layihələrdə birgə iştirak, beynəlxalq səviyyədə bir-birini dəstəkləmə, müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığı örnək vermək olar. Əlbəttə ki, faşizmi dövlət siyasətinə çevirən Ermənistan da buna qarşılıq kimi Hindistanla güclü tərəfdaş olmaq istəyir. Hindistan və Ermənistanın ekspansionizm, etnik soyqırımlar, irqçilik kimi xeyli ortaq cəhətləri mövcuddur. Rəsmi Nyu Dehli məqsədyönlü şəkildə Cənubi Qafqaz regionuna silah və sursat satmaq, ticarət yollarını və əlaqələrini şaxələndirmək, dövlət səviyyəsində olmasa da, özəl şirkətlər səviyyəsində hərbi əməkdaşlıq qurmaq üçün əlindən gələni edir. Hindistanın Pakistan, Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik əlaqələrinin güclənməsinə qarşı və bölgədə təsir gücünü artırmaq üçün xüsusi gündəliyi var. Bir çox cəhdlər olsa da, Ermənistan və Hindistan arasında hərbi əməkdaşlıq Cənubi Qafqazda nəyisə dəyişəcək qədər ciddi strateji səviyyəyə çatmayıb. Lakin son dövrdə tərəflər arasında xüsusilə silahların tədarükü məsələsində səfərlərin çoxalması regionun təhlükəsizliyini təhdid edir. Azərbaycanı tək hesab edənlər, yaxud müxtəlif mərkəzlərin şirnikləndirmələri ilə nəyəsə ümid edənlər ağıllarını başlarına yığmalıdırlar. Ermənistan öz məğlubiyyəti ilə barışmalı, regionda sülh içində yaşamağın yollarını axtarmalıdır. Çünki Pakistan və Türkiyə bütün hallarda istisnasız şəkildə Azərbaycanın yanında olacaq. Qardaşlıq əlaqələrimiz bizə qənim kəsilənlərin istənilən təxribatına cavab verəcək qədər güclüdür”.

Teqlər: