Deyirlər ki, “güzgü şəklində” tərəflər geri çəkilsin. Amma hara çəkilsin? Bu məsələni hələ 2021-ci ilin may ayında mənə bəzi həmkarlarım demişdi. Yadınızdadırsa, o vaxt sərhəddə bəzi dəqiqləşmə aparılmışdı. Və bir telefon zəngi əsanasında mənə dedilər ki, xahiş edirik ki, siz qayıdasınız. Deyirəm, hara qayıdaq? Deyirlər, hardan gəlmisiniz, ora! Deyirəm, biz Bakıdan gəlmişik (gülür), Bakıya qayıdaq? Biz 30 il orda olmamışıq. Əgər o sərhəd idisə, onda Ermənistan onu sərhəd kimi tanıyaydı, sərhəd nişanlarını qoyaydı – o axı o sərhədi tanımırdı. O hesab edirdi ki, onun sərhədi Ağdamdadır. Biz Bakıdan gəlmişik, orda olmamışıq, deyin hara qayıtmaq lazımdır, qayıdaq (gülür). Mənim sualıma cavab olmadı.
AzerTimes xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib.
“Əlbəttə ki, biz heç yerə qayıdan deyilik: nə 21-ci ilin may ayındakı mövqelərdən, nə 22-ci ilin sentyabr ayındakı mövqelərdən biz bir addım geri çəkilən deyilik. Çünki o sərhəd müəyyən edilməlidir. Ancaq indi bizim Ermənistan tərəfindən mübahisələndirilən yerləşməyimiz heç bir yaşayış məntəqəsini əhatə etmir. Bizim indi durduğumuz təpələrdəki mövqelərdə heç vaxt yaşayış olmayıb. Ermənistan isə bu gün bizim kəndlərimizi işğal etməkdə davam edir və bu, dözülməzdir və hesab edirəm ki, komissiyaların (delimitasiya komissiyaları – red.) bu ayın axırındakı görüşündə bu məsələyə aydınlıq gətiriləcəkdir”, – deyə dövlət başçısı bildirib.