Yanvarın 13-də saat 12:00-da M.F.Axundov adına Milli Kitabxanada xalq yazıçısı, akademik Kamal Abdullanın və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” adlı kitabının təqdimat-müzakirəsi keçiriləcək.
AzerTimes xəbər verir ki, təqdimat-müzakirədə iştirak sərbəstdir.
“525-ci qəzet” seriyasından işıq üzü görən yeni nəşrin redaktorları akademik Muxtar İmanov və Almaniyada yaşayan həmyerlimiz, professor Maqsud Əfəndiyev, rəyçiləri xalq şairi Ramiz Rövşən və professor Fəxrəddin Sadıqoğlu, nəşriyyat redaktorları Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və tərcüməçi Seyfəddin Hüseynlidir.
Qeyd edək ki, kitabın “Ön söz”ündə qeyd olunan kimi qeyri-səlis düşüncə tərzi qeyri-səlis məntiq adlı elmi istiqamətdə birləşmiş və əslində, ona qədər şüurumuzu idarə edən Aristotel formal məntiqinə qarşılıq kimi yaranmışdır. Bu məntiq kateqoriallıqdan uzaq, insana, onun dünyanı obyektiv şəkildə dərk və qəbul etmə prinsiplərinə yaxın bir düşüncə tərzidir. Qeyri-səlis məntiqin ilk dəfə “Kitabi-Dədə Qorqud” dastanına tətbiqi filoloji düşüncəmizin inkişafı üçün yeni perspektivlər açır.