Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda qohumunu girov götürüb pul tələb edənlər Rafiq Hüseynov və Anar Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
AzerTimes-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 15 il müddətə azadlıqdan məhrum ediliblər.
İttihama görə, təqsirləndirilən şəxs Rafiq Hüseynov dayısı Mirələkbər Seyidovun oğlunu oğurlamaq barədə plan qurub.
Bu il iyunun 8-də o, dayısı oğlu Mirhəsən Seyidovu Ramana qəsəbəsində kirayə tutduğu evə dəvət edib. Birlikdə yeyib-içdikdən sonra tanışı A.Mehdiyevlə birlikdə M.Seyidovun əl-ayağını bağlayıb. Daha sonra şəklini çəkərək dayısı Mirəkbər Seyidova göndərib və oğlunun azad edilməsi müqabilində 500 min dollar tələb edib.
DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Prokurorluq əməkdaşlarının araşdırması nəticəsində təqsirləndirilən şəxslər tutulub. Onlar Cinayət Məcəlləsinin 145.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz azadlıqdan məhrum etmə) və 182.4-cü (xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilib.