DAYANIQI MODA: tekstilin gələcəyi (FOTO)

Ümumdünya Ətraf Mühit Günü münasibəti ilə (5 iyun) İsveçin Bakıdakı Səfirliyi «Azərxalça » ASC və Daş Salnamə Muzeyi ilə birlikdə 10 iyun 2021-ci il tarixində “Dayanıqlı moda: Tekstilin gələcəyi” adlı sərginin açılışını etdi. Sərgi İsveç İnstitutu tərəfindən tədqiqatçılar və moda mütəxəssisləri ilə birlikdə hazırlanmışdır. Moda sənayesinin əsas problemlərinin işıqlandırıldığı sərgidə daha dayanıqlı gələcək üçün İsveçdə irəli sürülən həll yolları və təşəbbüslər nümayiş olunur.

Moda sənayesi dünyada ətraf mühiti ən çox çirkləndirən sahələrdən biridir. Hər il dünyada istehlak etdiyimiz 62 milyon ton geyimin yalnız 20 faizini təkrar istifadə və ya təkrar emal edirik. Sərgi həm istehsalçıların, həm də istehlakçıların paltarların və onların komponentlərinin təmirini, təkrar hazırlanmasını, təkrar istifadəsini və təkrar emalını maksimum dərəcədə artırmaqla moda sənayesinin ətraf mühitə arzuolunmaz təsirlərini minimuma endirə biləcəyi yolları izah edir. Sərgidə eyni zamanda, İsveç və Azərbaycanın moda səhnəsində ekoloji sənətkarlıq və tekstil istehsalı, həmçinin ənənəvi və dayanıqlı qadın sənətkarlığı ilə bağlı yeni bədii və kurator düşüncələri təqdim edilir.

Sərgi çərçivəsində “Azərxalça” ASC tərəfindən Azərbaycan xalçalarının yeni yaradılmış dizayn nümunələri rəqəmsal formatda nümayiş olunur. Azərbaycanlı rəssam Orxan Məmmədovun təbii və ekoloji cəhətdən təmiz tekstilin gələcəyinə dair şəxsi bədii baxışını əks etdirən bu rəngli rəqəmsallaşma ənənəvi sənətkarlığı və bədii təcrübəni müasir rəqəmsal tendensiyalarla birləşdirən tamamilə fərqli bir dizayn nümunəsi ortaya çıxarır.

Sərgidə qonaq rəssamlar Lüdmila Kristeseva (İsveç) və Günel Ravilovanın (Azərbaycan) əsərləri də nümayiş olunur. Rəssamlar multimediya dialoqu ilə iki fərqli görünüşdə moda, tekstil və ekologiya mövzusunda iki fərqli perspektiv təqdim edərək, qadının şəxsiyyət kimi formalaşmasında tekstilin rolunu təyin etməyə çalışırlar.


Nailə Dadaşova isə öz işlərində Azərbaycan xalça sənətinin zənginliyindən istifadə etmişdir. Dizayner Qarabağ kiliminin hissələrindən, eləcə də xalça ornamentlərindən geyimlərində detallar kimi istifadə etmişdir. Onun əl işlərinin birində “qurama” texnikası ilə tikilmiş şal görmək olar. Bu texnika çox qənaətcil və eyni zamanda gözəl olan kiçik parça hissələrindən bütöv geyim və əşyalar yaratmağa imkan vermişdir.

Sərginin kuratoru Könül Rəfiyevadır.

Məlumat üçün xatırladaq ki, “Dayanıqlı moda:tekstilin gələcəyi” sərgisi
11 iyun – 9 iyul 2021-ci il tarixlərində Daş Salnamə Muzeyində sənət sevərlərin ixtiyarındadır. Giriş pulsuzdur.

Teqlər: