Bakının 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində avtobus dayanacağı qarşısında hər gün taksi sürücülərinin maşınlarını saxlaması vətəndaşların ictimai nəqliyyata minib-düşməsinə mane olur.
Məsələ ilə bağlı AzerTimes-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, bu gün şəhərin bir çox yerində belə hallarla rastlaşmaq mümkündür.
“Taksi adı altında qeyri-qanuni sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər avtobus dayanacaq məntəqələrinin ərazisini zəbt edirlər. Bu cür halın olması avtobusların hərəkət qrafikində gecikmələrin yaranmasına, təhlükəsizlik riskilərinin artmasına səbəb olur. BNA öz səlahiyyətləri çərçivəsində bu cür hallara qarşı davamlı olaraq mübarizə aparır. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, bu cür qayda pozan sürücülərə qarşı inzibati tənbeh tədbiri də görülür”, – o bildirib.