Xəbər - Çingiz Səfərli – Trend:
Bu günə qədər daxili bazarda ümumilikdə 3660 unsiya qızıl, 14,6 min unsiya gümüşün satışı həyata keçirilib.
AzerTimes xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Onun sözlərinə görə, sözügedən satış əməliyyatları nəticəsində dövriyyəyə ümumilikdə 11,6 milyon manat vəsait cəlb edilib. Bu, keçən illə müqayisədə 7 dəfə çoxdur.
“Daxili bazarda xammal qismində isə 966 unsiyadan çox qızıl, 14,5 min unsiya gümüşün satışı (“Azərsuvenir” MMC-yə) həyata keçirilib. Nəticədə dövriyəyə 3.7 milyon manat məbləğində vəsait cəlb edilib (ümumi daxili satışın 30%). Daxili bazarda hazır məhsul, yəni sikkə və külçələr qismində 2694 unsiya qızıl, 86 unsiya gümüşün satışı həyata keçirilib. Nəticədə dövriyyəyə 7,9 milyon manat cəlb olunub (ümumi daxili satışın 70%)” – deyə, o qeyd edib.
Z.İbrahimov onu da bildirib ki, məhsullarımızın satışında kəskin artım xüsusilə Satış mərkəzimiz fəaliyyətə başladıqdan sonra qeydə alınıb.
“Bilirsiniz ki, sentyabr ayında ölkəmizin zərgərlik sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən aparılan islahatlara dəstək məqsədilə Cəmiyyətin ilk Satış və mübadilə mərkəzi istifadəyə verildi. Sentyabr ayından bugünədək ümumilikdə 2109 unsiya qızılın satışı həyata keçirilib və dövriyyəyə 6.9 milyon manatdan çox vəsait cəlb edilib (öz məhsullarımızın illik satışının 87%). Təlabatın artması ilə məhsul çeşidlərimizin və nəticə etibarı ilə daxili bazara yönəltdiyimiz qiymətli metalların həcminin də artırılmasını labüd edib. Məhz bu səbəblə hasil etdiyimizin qızılın bir hissəsinin yeni növ məhsullar istehsal etməklə daxili bazara yönəltmişik. Bu da, ötən illə müqayisədə ixrac edilmiş qızıl və gümüşün həcminə nisbətən təsir etsə də, yerli pərakəndə bazarın kifayət qədər ciddi artımına səbəb olub. “AzerGold” yerli zərgərlik sənayesinin inkişaf etdirilməsi, milli istehsalın stimullaşdırılması və həyata keçirilən islahatlara dəstək məqsədilə bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək” – deyə, o əlavə edib.