Martın 21-i Ümumdünya Daun Sindromlu İnsanlar Günüdür.
Gülərüzlü, yalnız müsbət xüsusiyyətləri özlərində birləşdirməsinə
görə daun sindromlu uşaqları Günəşin övladları adlandırırlar.
Ümumdünya Daun Sindromlu İnsanlar Günü ərəfəsində Səhiyyə
Nazirliyi Uşaq Psixonevroloji Mərkəzinin direktoru Kəmalə Talıbova
müsahibə verib.
O qeyd edib ki, müəyyən səbəblərdən bəzi valideynlər daun
sindromlu övladlarına yük kimi baxır, onların sosiallaşmasına
yetərincə diqqət ayırmırlar. Əksinə, düzgün istiqamətləndirilmiş
daun sindromlu şəxs bir çox sahələrdə daha da bacarıqlı ola bilər.
Məsələn, bu sindromla doğulan uşaqların əksəriyyəti incəsənətə
meyilli olurlar, hətta dahilik potensialına malikdirlər.
Daun sindromlu uşaqların təhsil almaları üçün xüsusi məktəblərə
ehtiyac varmı, yoxsa inklüziv təhsil kifayət edir sualına cavab
verən K.Talıbova bildirib ki, bu uşaqlara ayrıca məktəb yox, xüsusi
yanaşma olmalıdır və onlar təcrid olunmayaraq adi məktəblərdə
inkluziv təhsil almalıdırlar.
“Həm valideynlər, həm də cəmiyyət bu işdə bizə dəstək
olmalıdırlar.
Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əsas vəzifə əmək
prosesində uşaqların zehni funksiyalarının inkişafı və
çatışmazlıqlarının mümkün qədər tez düzəldilməsinə çalışmaqdır.
Daun sindromlu uşaqların tərbiyəsi, onların düzgün davranişının
formalaşdırılması əsas diqqət vərdişlərinin qurulmasına
yönəlməlidir. Bütün uşaqlar kimi onlar da oynamağı, rəqs etməyi,
oxumağı, yeni nəsə öyrənməyi sevirlər. Onlar istək ifadə etməyi
bacarmalı, özünü qoruya bilməli və ya təhlükədən qaçmagı
bacarmalıdır. Birinci növbədə bu uşaqları cəmiyyətdən ayırmamalı və
onların cəmiyyət içərisində böyüməsinə, yaşamasına, inkişaf
etməsinə kömək etmək lazımdır.
Daun sindromlu insanların təhsil ala bilməməsi, işləyə bilməməsi
və uğur qazana bilməyəcəyi fikirləri yanlışdır. Onlar arasında
dünyaca məşhur insanlar var – aktyor Paskal Düken, rəssam Raymond
Hu və s.
Daun sindromlu bir insanın yaşam müddəti yaşayış keyfiyyətindən
və şərtlərindən asılıdır, hətta 80 yaşadək yaşayanlar olub”.
Mütəxəssis daun sindromlu uşaqların valideynlərinə aşağıdakıları
tövsiyə edib:
“Çox zaman valideynlər onların övladının daun sindromlu olması
ilə barışmaqda çətinlik çəkirlər. Bizim göstərdiyimiz diqqət və
sevgi ilə bərabər, valideynlər də öz qayğılarını və sevgilərini bu
uşaqlardan əsirgəməməlidilər. Daun sindromlu uşaqlara qulluq etmək
böyük diqqət və dözüm tələb edir, onlarla səbrlə davranmalıdılar.
Təbii ki, ailə sevgisi bütün sevgilərdən üstündür. Hətta bizim
uşaqlardan birinin ailəsi ondan imtina etmişdi və 5 ildən sonra
ailə uşağı geri götürdü. Daun sindromlu uşaqlara xüsusi və düzgün
yanaşma zamanı onlara gündəlik həyatda tələb olunan minimal məişət
və kommunikasiya vərdişlərini öyrətmək mümkündür”.