Xəbər - Ceyhun Ələkbərov – Trend:
Ötən gündən etibarən Daşkəsənin mərkəzinə yağan qarın hündürlüyü artıq 30-40 santimetrə çatıb.
Bu barədə AzerTimes-a Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov deyib. Onun sözlərinə görə, güclü qar hələ də yağmağa davam edir:
“Qarın yağmasına baxmayaraq qabaqlayıcı tədbirlər sayəsində kommunal xidmətlərdə heç bir problemlər müşahidə olunmur. Əhaliyə işıq, qaz və suyun verilməsi davam etdirilir. O cümlədən əsas yollarda qabaqlayıcı tədbirlər görülüb. Texnikaların köməyi ilə yol qardan təmizlənib, qum səpilib. Hazırda kəndlərdə də texnikalar işləyir, yollarda gediş-gəliş təmin olunur”.
V.Məmmədov bildirib ki, dağlıq kəndlərdə qar daha çox yağıb:
“Elə kəndlər var ki, onlar 2 min metr hündürlükdə yerləşirlər, orada qar daha çox yağıb. Bunlar Xoşbulaq, Alaxançallı, Əmirbaş, Gurbulaq, Qazaxyolçular və digər kəndlərdir”.