Daşkəsəndə sel: Körpülər dağıldı, təsərrüfata ziyan dəydi

Daşkəsəndə sel: Körpülər dağıldı, təsərrüfata ziyan dəydi

Daşkəsən rayonunun Alaxançallı və Çanaqçı kəndinə sel gəlib, körpülər dağılıb, təsərrüfata zərər dəyib.

AzerTimes Report-a istinadən xəbər verir ki, iyunun 10-nu saat 19 radələrində Daşkəsən rayonu ərazisində dolu ilə müşahidə olunan güclü leysan yağış səbəbindən rayonun Çanaqçı və Alaxançallı kəndlərində körpülərə, yol, elektrik, rabitə təsərrüfatlarına, fərdi avtomobillərə, əhalinin əkin sahələrinə və yaylaqlarda vətəndaşların mal-qarasına ciddi ziyan vurub, bir sıra fəsadlar törədib.

Sel suları Çanaqçı kəndi ərazisində kəndin iki hissəsini birləşdirən körpünü tamamilə dağıdaraq aparıb. Alaxançallı kəndi ərazisində də sel suları bir körpünü dağıdıb, kəndlərarası avtomobil yolunun xeyli hissəsini sıradan çıxarıb, bir neçə avtomobili kənddən keçən çay sularının axınına salaraq aparıb.

Bir çox ərazilərdə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən həmin yollarda nəqliyyatın hərəkəti tam dayanıb.

Təbii fəlakət nəticəsində xoşbəxtlikdən insan itkisi və xəsarət alan olmayıb.

Hazırda dəymiş ziyanların həcminin müəyyən edilməsi istiqamətində Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən işlər davam etdirilir.

Teqlər: