Bu gün axşam saat 20:00 radələrində Daşkəsənə yağan intensiv leysan yağışları qısa müddətdə güclü dağıdıcı selə və çaylarda daşqınlara səbəb olub.
AzerTimes xəbər verir ki, hazırda Daşkəsən şəhərindən, rayonun Qabaqtəpə, Əmirvar, Gurbulaq, Dəstəfur, Alaxançallı, Xoşbulaq, Çovdar, Çanaqçı və Qaraqullar kəndlərindən sel keçir, ərazidəki çaylar məcrasından çıxaraq daşıb.
Rayonun yol infrastrukturuna, elektrik xətlərinə, fərdi yaşayış evlərinə, əkin sahələrinə, heyvandarlıq və arıçılıq təsərrüfatlarına ciddi ziyan dəyib. Dağlardan iri qaya parçaları və palçıq kütlələri avtomobil yollarına töküldüyündən əksər yollarda nəqliyyatın hərəkəti tamamilə dayanıb. Bəzi yaşayış evlərinə su dolub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbərliyi ərazi mülki müdafiə qüvvələri ilə birlikdə dəyən ziyanın aradan qaldırılması istiqamətində işləri davam etdirir.