Daşkəsəndə arıçı fermerlərə təlimlər keçirilib (FOTO)

13-15 aprel tarixlərində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin
(QSC) təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
(KOBİA) dəstəyi ilə Daşkəsən rayonunda icra edilən “Arıçılıq
təsərrüfatının inkişafına dəstək layihəsi” çərçivəsində fermerlərə
təlimlər keçirilib.

Üç gün davam edən təlimlərdə Daşkəsən rayonunun Çovdar, Bayan,
Quşçu və Zəylik kəndlərində fəaliyyət göstərən arıçılar iştirak
ediblər. Layihə çərçivəsində cəlb edilmiş məsləhətçilər tərəfindən
arılara yaz qulluğu, xəstəliklərə və ziyanvericilərə qarşı mübarizə
metodları, beçələmə və ana arıların yetişdirilməsi qaydaları barədə
təlimlər keçirilib. Eyni zamanda KOBİA-nın KOB İnkişaf Mərkəzinin
eksperti tərəfindən iştirakçılara dövlət qayğısı sayəsində
sahibkarlığın inkişafı istiqamətində icra edilən təşkilati, hüquqi
və iqtisadi tədbirlər, biznes fəaliyyəti üçün yaradılmış əlverişli
mühit, sahibkarlıq subyektlərinə səmərəli maliyyə dəstəyinin
göstərilməsi mexanizmi haqqında ətraflı məlumatlar verilib.

Fermerlərə maliyyə resurslarına çıxış, aqrar sığorta işinin
təşkili mövzularında nəzəri təlimlər, həmçinin arıxanalarda
baytar-sanitar qaydalara uyğun işlərin aparılması, arı ailələrinin
məhsuldarlığının və davamlılığının artırılması yollarına dair
təsərrüfat şəraitində praktik məşğələlər keçirilib. Proqram
çərçivəsində arıçılığa ziyan vuran parazitar xəstəliklərin müalicə
və profilaktikası, bu sahə üzrə yeniliklərin tətbiqi
istiqamətlərində məlumatlılığın artırılması məqsədilə metodiki
təlimat bukletləri paylanılıb. Sonda fermerləri maraqlandıran
suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.

Layihənin növbəti mərhələsində təlimlərdə iştirak etmiş kənd
sakinlərinə sertifikatların verilməsi, həmçinin fermerlərin arı
ailələri və müvafiq ləvazimatlarla təmin edilməsi, Daşkəsən rayonu
ərazisində nektar verən ağac və kolların əkilməsi nəzərdə
tutulub.

Xatırladaq ki, cari ilin 31 mart tarixində “AzerGold” QSC-nin
Korporativ Sosial Məsuliyyət Komitəsinin üzvləri tərəfindən yerli
icmaların layihədən yararlanması imkanlarını müəyyənləşdirmək,
arıçılıq fəaliyyəti zamanı təsərrüfat sahiblərinin qarşılaşdıqları
çətinliklər və onların aradan qaldırılması yollarını müəyyən etmək,
eləcə də təşəbbüslərlə bağlı fikir mübadiləsi aparmaq məqsədilə
arıçı fermerlərlə görüş keçirilib. Layihənin əsas missiyası qeyd
edilən bölgədə kiçik sahibkarlıq ekosisteminin inkişafına, arıçılıq
təsərrüfatının ekosahibkarlıq növü kimi təşviqinə və təbii bal
istehsalının artırılmasına töhfə verməkdir.

Ümumilikdə, “AzerGold” QSC-nin Sosial təsir və məsuliyyət
siyasəti çərçivəsində icra edilən bu tip tədbirlər sosial-iqtisadi
yönümlü dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı,
Cəmiyyətin fəaliyyət göstərdiyi bölgədə yaşayan əhalinin qayğı ilə
əhatələnməsinə, rifah halının yüksəldilməsinə xidmət edir.

Teqlər: