Daşkəsən və Göygöl rayonlarında KOB dostları fəaliyyətə başlayıb (FOTO)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) regionlarda
sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi və
təkliflərinin dinlənilməsi, eləcə də dövlət dəstəyi mexanizmləri, o
cümlədən KOBİA tərəfindən göstərilən dəstək və xidmətlər barədə
sahibkarların məlumatlandırılması üçün görüşlərini davam
etdirir.

Növbəti belə görüşlər mayın 13-də Daşkəsən və Göygöl
rayonlarında təşkil olunub. KOBİA və müvafiq rayonların icra
hakimiyyətlərinin təşkilatçılığı ilə keçirilmiş görüşlərdə
sahibkarlar və onlara xidmət göstərən dövlət qurumlarının
nümayəndələri iştirak ediblər.

Görüşlər çərçivəsində KOBİA-nın Daşkəsən və Göygöl üzrə Kiçik və
Orta Biznesin dostları – KOB dostları rayonun biznes ictimaiyyətinə
təqdim olunub. Bununla da Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə KOB
dostlarının sayı 3-ə çatıb. Hazırda KOB dostları ölkənin 33 şəhər
və rayonunda fəaliyyət göstərir.

Daşkəsən və Göygöl rayonlarında KOB dostu ofisləri Heydər Əliyev
Mərkəzlərində yerləşir. KOB dostu ofislərində sahibkarlara dəstək
və xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. KOB dostu
ilə birgə ofislərdə “KOB könüllüləri” də fəaliyyət göstərir.

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov
sahibkarlara yerində dəstəyin təmin olunması baxımından KOB
dostlarının fəaliyyətinin önəmini qeyd edib, effektiv dəstək
mexanizmi kimi digər rayonlarda sahibkarlığın inkişafına və
biznesin qarşılaşdığı çətinliklərin operativ həllinə öz töhfəsini
verdiyini vurğulayıb. Sahibkarlar KOB dostu ilə sıx əməkdaşlığa
dəvət olunub, KOB dostu şəbəkəsinin genişlənərək, ölkənin digər
şəhər və rayonlarını da əhatə edəcəyi bildirilib.

Görüşlər çərçivəsində Agentlik tərəfindən KOB-lara göstərilən
dəstək mexanizmləri barədə filmlər nümayiş olunub, sahibkarların
təklifləri dinlənilib və onları maraqlandıran suallar
cavablandırılıb.

Həmin gün həmçinin, KOBİA-nın dəstəyi və “AzerGold” QSC-nin
təşkilatçılığı ilə Daşkəsən rayonunda həyata keçirilmiş “Arıçılıq
təsərrüfatının inkişafına dəstək” layihəsinin iştirakçısı olmuş
arıçı fermerlərlə görüş keçirilib. Görüşdə arıçılıq fəaliyyəti
zamanı təsərrüfat sahiblərinin qarşılaşdıqları çətinliklər və
onların aradan qaldırılması yollarına, arıçı fermerlərin
təşəbbüslərinə, eləcə də layihə çərçivəsində onlara göstərilmiş
dəstəyə dair fikir mübadiləsi aparılıb. Qeyd edək ki, layihə
çərçivəsində Daşkəsən rayonunun Çovdar, Bayan, Quşçu və Zəylik
kəndlərində fəaliyyət göstərən arıçı fermerlər təlimlərə cəlb
olunub, rayon ərazisində nektar verən akasiya ağacları əkilib,
fermerlərə tələb olunan ləvazimatlarla tam təchiz edilmiş 120 arı
ailəsi və müvafiq dərman preparatları təqdim olunub.

Teqlər: